İstanbulda tarixi sammit: Türk dünyasının liderləri bir arada
Ərdoğan və Əliyev mühüm mesajlar verdilər; sədrlik Azərbaycandan Türkiyəyə keçdi, deputat və ekspertdən dəyərləndirmələr
Noyabrın 12-də Türk Şurası dövlət başçılarının İstanbul sammiti keçirilib. “Yeni Müsavat” xəbər verir ki, əvvəlcə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının katibliyinin yeni binasının açılış mərasimi olub.
Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Macarıstanın Baş Naziri Viktor Orban və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev açılış mərasimində iştirak ediblər. Dövlət və hökumət başçıları binanın önündə ölkələrin dövlət bayraqlarını qaldırıb, katibliyin yeni binasının rəmzi açılışını bildirən lenti kəsiblər.
Daha sonra Türk Şurasının İstanbulda keçirilən səkkizinci Zirvə görüşü başlayıb. Tədbirdə Türk Dövlətlərinin Əməkdaşlıq Şurasına sədrlik Azərbaycandan Türkiyəyə keçib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim edilib. Prezident İlham Əliyev bildirib ki, Türk Dünyasının Ali Ordeninin sədrliyin Türkiyəyə təhvil verildiyi bir gündə mənə verilməsi xüsusilə önəmlidir: “Bu, sədr kimi ötən iki ildə sərf etdiyimiz səylərin də eyni zamanda müvəffəqiyyətlə istənilən nəticələrə gətirib çıxardığını təsdiqləmiş olur”.

Prezident vurğulayıb ki, 8 noyabrda Azərbaycan xalqı Qarabağın işğaldan azad olunmasını sevinclə və qürurla qeyd edib: “Biz təxminən 30 illik işğala son qoyduq. Birləşmiş Millətlər Təşkilatının 1993-cü ildə qəbul etdiyi və kağız üzərində qalan qətnamələri yerinə yetirdik, icra etdik. Tarixi ədaləti bərpa etdik. Beynəlxalq hüququ bərpa etdik. Milli ləyaqətimizi bərpa etdik”.
İ.Əliyev söyləyib ki, Türk Şurası bir təşkilat statusuna çatmış oldu: “Qarşımızda çox böyük ümidverici bir gələcək var. Çünki bu təşkilatın təməlində, qəlbində zatən tarixdən, ənənədən, ortaq din və dildən gələn təbii müttəfiqlərdən söhbət gedir. Bunlarla bərabər, yeni təhdidlər və çətinliklər demək olar ki, hər ay qarşımıza çıxmaqdadır. Təəssüf ki, dünyada lider dövlətlər bu çətinliklərlə mübarizə üçün müvafiq tədbirlər görmürlər. Əminəm ki, Türk Şurası olaraq ölkələrimiz, xalqlarımız üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Çünki burada səmimi bir ortaqlıq var. Ölkəsini inkişaf etdirmək istəyən dövlət başçılarıyıq”.

Türkiyə lideri Ərdoğan deyib ki, 30 il davam edən işğala Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gündə son qoyulub. Türkiyə Prezidenti qeyd edib ki, Azərbaycanın Zəfəri türk dünyası üçün böyük əhəmiyyət daşıyır: “Azərbaycanın uğuru türk dünyasının birliyini möhkəmləndirib. Xarıbülbül türk dünyası üçün uğurun simvolu olub. Qarabağın azad edilməsi iqtisadi əməkdaşlıq və sabitliyin önünü açıb”.
Ərdoğan əlavə edib ki, Azərbaycan-Naxçıvan bağlantısı həyati əhəmiyyət daşıyır: “Bölgənin tranzit və logistika mərkəzi olmasından şübhəsiz, hamımız istifadə edəcəyik”. O, həmçinin gələcəkdə Şimali Kiprin Türk Şurasının üzvü olmasını arzulayıb.
Ümumən İstanbul törənlərinin Türk dünyası üçün çox böyük önəmi var. Hətta gələcəkdə “Türk NATO”sunun qurulması mümkündür. Doğrudur, türk dövlətlərinin ikisi - Qazaxıstan və Qırğızıstan “Rus NATO-su”nun (KTMT) üzvüdür. Azərbaycan isə Qoşulmama Hərəkatının üzvüdür. Bu amillər və qurumun adının dəyişdirilməsi də nəzərə alınmaqla türk dövlətlərinin hərbi və iqtisadi inteqrasiyası necə təsəvvür edilir?

Hikmət Babaoğlu
Deputat Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası zirvə görüşündən sonra tamamilə yeni bir təşkilata çeviriləcək. Deputat hesab edir ki, artıq Şura daha çox məsləhət və məşvərətçi təşkilat olmaqdan çıxaraq tam təsisatlı funksional beynəlxalq təşkilata çevrilərək Türk Dövlətləri Təşkilatı adlandırılacaq. Onun fikrincə, bu isə o deməkdir ki, bu təşkilat qərarlar qəbul edəcək, üzv ölkələr qarşılıqlı şəkildə vəzifələr müəyyənlədirəcək və qəbul edilmiş qərarların icra edilməsilə bağlı öhdəçilik götürmüş olacaqlar.

“Belə olanda ümumi və ortaq mənafelərin qorunması üçün birlikdə hərəkət etmək imkanları yaranacaq ki, bu da hazırki tarixi mərhələdə milli təhlükəsizliyin təmin edilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Müqayisəli təhlil etmək istəsək aydın olacaq ki, vaxtilə ATƏT-də ATƏM olaraq bənzər yol keçmiş, daha sonra institusional forma alaraq olduqca effektiv beynəlxalq təşkilatlardan birinə çevrilmişdi. Əslində hələ Türk Şurası kimi fəaliyyəti dövründə bu mərhələyə ciddi hazırlıq işləri aparılmış, Şuranın tərkibində TürkPa, TürkSoy, Beynəlxalq Türk Akademiyası və s. kimi müxtəlif qurumlar yaradılmışdı. Yeni mərhələdə isə bu qurumlar daha səmərəli struktural vahid olacaqlar”, - deyə H.Babaoğlu vurğuladı.
Deputat qeyd etdi ki, bu beynəlxalq təşkilatın əsası 2009-cu ildə Naxçıvanda qoyulub və zirvə görüşündə xüsusi bəyanat qəbul edilib: “O zaman ən aktual məsələlərdən biri Türk Dünyasını fiziki baxımdan birləşdirmək və tarixi quru sərhədləri bərpa etməklə etnocoğrafi bütövlüyə nail olmaq idi. Hazırda demək olar ki, əldə etdiyimiz tarixi zəfərlə bunu təmin etmişik və Zəngəzur dəhlizinin işlək vəziyyətə gəlməsilə bu proses başa çatacaq. Hazırki zirvə görüşü isə İstanbulda Demokratiya və Özgürlük adasında keçirilir ki, bunun da məxsusi mənası var. Dünyaya mesaj verilir ki, Mərkəzi Asiyadan Qafqazlara, oradan isə Avropaya qədər uzanan və mühüm perspektivlər vəd edən sülhpərvər, əməkdaşlığa açıq bir mühüm platforma var. Bu platforma böyük bir coğrafiyaya demokratiya, sülh, azadlıq və rifah vəd edir. Eyni zamanda bütün bunları qoruyacaq vahid təhlükəsizlik məkanı yardır”.
H.Babaoğlunun sözlərinə görə, Türkmənistanın da daxil olmasıyla təqribən 160 milyonluq əhalini və 1.2 trilyon dollarlıq ümumdaxili məhsulu əhatə edən nəhəng bir istehsal və istehlak bazarından söhbət gedir: “Bu, özlüyündə mühüm iqtisadi imkanlar və qarşılıqlı marağa əsaslanan inteqrasiya vəd edir. Hazırda Macarıstan da daxil olmaqla 15-ə qədər ölkənin də müşahidəçi statusunda bu təşkilata qəbul edilmək istəklərini nəzərə alsaq, aydın olacaq ki, necə nəhəng bir tərəfdaşlıq və əməkdaşlıq platformasından söhbət gedir. Vaxtilə biz bu imkanları sadəcə xəyal etdiyimiz halda hazırda bu bir reallıqdır”.

Züriyə Qarayeva
Siyasi ekspert Züriyə Qarayevanın “Yeni Müsavat”a bildirdiyinə görə, bu dəfə keçirilən toplantı əvvəlki illərdən iştirak edən dövlətlərin say çoxluğu və müzakirə edilən məsələlər baxımından fərqlənir. Onun fikrincə, artıq bu zirvə görüşü dünya dövlətləri tərəfindən də maraqla qarşılanır: “Belə ki, Qarabağda Türkiyə-Azərbaycan qardaşlığının zəfər çalması timsalında türkdilli dövlətlər arasındakı əlaqələrin daha genişləndirilməsi yeni gücün meydana gəlməsi kimi xarakterizə edilir. Şuşa Bəyannaməsindən, Zəngəzur dəhlizinin təməlinin qoyulmasından sonra şuraya daxil olan türkdilli ölkələr arasında siyasi, iqtisadi və hərbi əməkdaşlığın yeni mərhələsinin başlanacağı şübhə doğurmur. Həmin ölkələr arasında əməkdaşlığın koordinasiyalı şəkildə inkişafına ehtiyac var”.
Ekspert qeyd etdi ki, hərbi müstəvidə birliyin formalaşmasına gəldikdə, 4 Türk dövlətinin qatılımıyla bir neçə il öncə birləşmiş Türk Ordusu (Turan Ordusu) qurulub: “Qurulan Turan Ordusunun NATO kimi səlahiyyətlərinin olması planlaşdırılır. İlk mərhələdə Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustan Turan Ordusuna qatıldı. Turan Ordusunun ilk başqanlığı birliyin ən qüvvətli ordusuna sahib olan Türkiyəyə verildi. Sadəcə, 4 dövlətin balansında 2 milyon 800 min nəfərlik əsgər gücü belə bir çox ölkəni narahat etdi. İran rejimi Turanın gerçəkləşməsinə dini amillərlə mane olmağa çalışdı. Rusiyanın imperialist dairələri isə həm Azərbaycanda, həm də Qazaxıstanda milli amilləri qabardan mesajlar yaydırdı. Rusiya yüksək siyasi dairələrində Qazaxıstanın əhalisinin 40%-nin rus millətindən olduğunu, Qazaxıstanın şimal torpaqlarının guya Rusiya tərəfindən hədiyyə edildiyi barədə sözlərin səsləndirilməsi də bu qəbildəndir. Lakin bütün əngəllərə baxmayaraq, dünyada ittifaqlaşma tendensiyasının gücləndiyi vaxtda düşünürəm ki, Türk birliyinin də hərbi müstəvi daxil olmaqla, əməkdaşlığını inkişaf etdirməsinə ehtiyac var”.
Z.Qarayevanın sözlərinə görə, digər birliklərdən fərqli olaraq, Türk Birliyinin əhatə etdiyi dövlətlər arasında ziddiyyətlər aşağı səviyyədədir: “Məsələn, Ərəb Liqasında Qətərlə Səudiyyə Ərəbistanı, MDB-də Azərbaycan və Ermənistan antoqonist meyllərlə eyni platformanı paylaşırlar. Bu kriteriyalardan kənar olsa da, KTMT kimi hərbi blokda da bir-birinə əks mövqedə olan dövlətlər var. Bu baxımdan düşünürəm ki, əgər üzv dövlətlərin ciddi təşəbbüsü olarsa, Turan Ordusu güclənə və NATO, KTMT nümunəsində hərbi bloka çevrilə bilər. Əminəm ki, Türkiyə Prezidenti Ərdoğanın ”bir millət, iki dövlət" deyirik və indi isə “bir millət, 6 dövlət” deməliyik" tezisi bu sammitdən sonra özünü doğruldacaq".
Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılıb. Bununla bağlı qərarı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan elan edib. Zirvə Görüşündə Türkmənistan quruma müşahidəçi statusunda üzv qəbul edilib. Həmçinin İstanbul Bəyanatı imzalanıb.