İstərdim ki, kəlağayıdan gündəlik həyatımızda da istifadə edək - Nailə İsmayılova
Bakının mərkəzində keçirilən “Kəlağayı yürüşü” milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Kəlağayının gündəlik geyimlərdə də istifadə olunması onun daha geniş təbliğinə töhfə verə bilər.
Modern.az xəbər verir ki, bunu “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova deyib.
O bildirib ki, Qız Qalasından başlayan yürüş iştirakçıları Fəvvarələr meydanına qədər gəliblər. Tədbirdə milli qadın geyimlərinin və kəlağayıların nümayişi xüsusi qürur hissi yaradır.
Nailə İsmayılovanın sözlərinə görə, kəlağayı nənələrimizdən, ulu nənələrimizdən miras qalan milli-mənəvi dəyərdir. Bu gün gündəlik həyatda milli geyimlərdən geniş istifadə edilməsə də, onların ornamentlərinə müasir geyimlərdə rast gəlinir.
O qeyd edib ki, kəlağayıdan xüsusi günlərdə, o cümlədən xınayaxdı mərasimlərində istifadə olunur.
Bəzi bölgələrdə yas mərasimlərində qara, toy və digər şənliklərdə isə rəngbərəng kəlağayılar ənənəsi qismən qorunub saxlanılır.
İctimai Birliyin sədri milli irsin müasir geyimlərdə yaşadılmasının vacibliyini vurğulayıb:
“İstərdim ki, gündəlik həyatımızda da kəlağayıdan istifadə edək. Buradan modelyerlərimizə səslənirəm: onlar milli-mənəvi dəyərlərimizi podiumlara çıxardıqları kimi, gündəlik istifadə üçün hazırladıqları geyimlərdə də kəlağayının naxışlarına və elementlərinə yer versinlər. Beləliklə, biz də bu geyimlərdən gündəlik həyatımızda istifadə edə bilərik”.
Nailə İsmayılova vurğulayıb ki, hər xalq öz milli-mənəvi dəyərləri, mədəniyyəti və özünəməxsus xüsusiyyətləri ilə tanınır. Azərbaycanın həm qadın, həm də kişi milli geyimləri özünəməxsusluğu ilə seçilir və xalqımızın mədəni irsini təmsil edir.
O, gənc nəslin üzərinə də mühüm məsuliyyət düşdüyünü bildirib. İctimai Birliyin sədri milli geyim və kəlağayı ənənəsinin gənclər vasitəsilə gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd edib.