İstilik mövsümündə tənəffüs sağlamlığını qorumağın yolları
İstilik mövsümündə radiatorların işləməsi otaqdakı hava axınlarını artırır, toz və allergenlərin havaya yayılmasına səbəb olur. Bu isə tənəffüs yollarına əlavə təsir göstərə bilər.
Bakıvaxtı.az xəbər verir ki, bunu allerqoloq-immunoloq Nataliya Popova bildirib.
Popova qeyd edib ki, siyənəkdə olan "D" vitamini immun sisteminin normal fəaliyyətində, selikli qişaların və tənəffüs yollarının qorunmasında mühüm rol oynayır. Onun sözlərinə görə, həftədə 200 qram siyənək istehlakı orqanizmin müdafiə mexanizmlərini dəstəkləyə bilər.
Həkim həmçinin "D" vitamininin əzələ funksiyasının tənzimlənməsində və hüceyrələrin enerji mübadiləsində iştirak etdiyini vurğulayıb. Bu vitaminin çatışmazlığı diafraqma əzələlərinin fəaliyyətinə də mənfi təsir göstərə bilər.
Popova istilik mövsümündə sağlamlığın qorunması üçün otaqların mütəmadi təmizlənməsini, düzgün havalandırılmasını və rütubət səviyyəsinin tənzimlənməsini tövsiyə edib.
Ekspertin sözlərinə görə, nəm təmizlik həftədə ən azı iki dəfə aparılmalıdır. Radiator və pəncərəaltı səthlərdəki toz nəm parça ilə silinməli, havalandırma sisteminin filtrləri və barmaqlıqları mütəmadi təmizlənməlidir.
Otaqda optimal rütubət səviyyəsinin 40-60 faiz arasında saxlanılması da vacib hesab olunur. Quru hava selikli qişaların qurumasına, həddindən artıq rütubət isə kifin yaranmasına şərait yarada bilər.