"İstismar müddəti 5 ili ötməyən elektromobillər bütün gömrük vergi və rüsumlarından azad edilməlidir" - RÖVŞƏN AĞAYEV
"Bu addımlar həm avtomobil parkının yenilənməsi, həm də "yaşıl enerji" keçidinin dəstəklənməsi baxımından vacibdir"
"Əgər istismar müddəti 10 ili ötmüş avtomobillərin ölkəyə gətirilməsinin qadağan olunması ətraf mühitlə əlaqələndirilirsə, paralel olaraq 3 addım atılmasına ehtiyac var. Birincisi, hazırda yalnız istismar müddəti 3 ili ötməyən elektromobillər bütün gömrük vergi və rüsumlarından azaddır. Halbuki, beynəlxalq təcrübədə 5 ilə qədər avtomobillər "köhnə" hesab edilmir və 3 illik güzəşt dövrü 5 illə əvəzlənməlidir". Hurriyyet.az xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev qeyd edib.
İqtisadçı ekspert bildirib ki, istismar müddəti 3 ilədək olan hibrid avtomobillər 18 faizlik ƏDV-dən azad edilsə də, 15 faizlik idxal rüsumundan və mühərrik ölçüsünə görə aksiz vergisindən azad edilməyib: "Ən azından yaxın 3 il üçün istismar müddəti 5 ilədək olan hibrid avtomobillər də tamamən gömrük vergi və rüsumlarından azad edilməlidir. İstismar müddəti 5 ili ötməyən benzinlə işləyən kiçik mühərrikli (1600 kub/sm-dək) olan avtomobillər də yaxın 3 ildə bütün gömrük vergi və rüsumlarından azad edilə bilər".
Rövşən Ağayev hesab edir ki, bu addımlar həm avtomobil parkının yenilənməsi, həm də "yaşıl enerji" keçidinin dəstəklənməsi baxımından vacibdir: "Hələ onu demirəm ki, bir çox hökumətlər kimi elektromobil idxalının keçici dövr üçün subsidiyalaşdırılması da nəzərdən keçirilə bilər. Məsələn, belə bir hədəf qoyula bilər ki, 5 ildə ölkəyə ən azı 100 min elektromobil gətirilməsi dəstələnəcək və bu say üçün subsidiya dəstəyi veriləcək".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az