📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsveçdə "terror" törədən Emin bəraət aldı - Yunanlar və ermənilər Mirzəyevlərə qarşı - DETALLAR

2023-12-22 13:28:38

İsveçdə

Ötən yay terrorçuluqda ittiham olunaraq Afina Beynəlxalq Hava Limanında həbs olunan Azərbaycan əsilli İsveç vətəndaşı Emin Mirzəyev bəraət alıb.

Bu barədə Bakupost.az -a Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun təsisçilərindən biri, İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev bildirib.

Onun sözlərinə görə, İspaniyadan Yunanıstana gələn E.Mirzəyev iyulun 2-də Avropolun orderi əsasında Afinadan İstanbula uçmağa cəhd edərkən saxlanılmışdı.

"İttihama görə, o, 2022-ci il dekabrın 26-da Stokholmda yaşayış binasında üçüncü şəxsləri bomba partlatmağa təhrik etməkdə, həmçinin ötən il dekabrın 31-də İsveçin Farsta şəhərində baş verən partlayışda iştirakda günahlandırılırdı".

Bütün bu müddət ərzində Yunanıstanın Korydallos həbsxanasında saxlanılan 22 yaşlı Emin Mirzəyev bütün ittihamları rədd edib.

Atası Rüfət Mirzəyevin sözlərinə görə, Eminə qarşı konkret ittiham irəli sürülməsə də, yunan mediası onun İsveçdə partlayışların təşkilində şübhəli bilindiyi barədə xəbəri tirajlayaraq, oğlunun adını çəkib və onun terrorçu olduğunu yazıb:

"Halbuki qanunla onların məhkəmə qərarına qədər şübhəlinin adını açıqlamaq və onu cinayətkar adlandırmaq hüququ yoxdur”.

R.Mirzəyevin sözlərinə görə, onun oğlu hamam otağı olmayan kamerada pis şəraitdə saxlanılıb:

“Yemək iki gündən bir verilirdi, kamera qızdırılmırdı. Tualet kameradan sözün əsl mənasında iki addımlıqda olsa da, onu oraya buraxmırdılar, ehtiyacını ödəmək üçün kamerasına vedrə qoymuşdular. Həftədə bir dəfə onu şlanqla buz kimi su ilə çimdirirdilər, mühafizəçilər oğluma nifrətlə “türk” deyirdilər. Kameranın işığını belə yandırmır, ədyal vermirdilər. Daha sonra oğlumu təyyarə ilə Stokholma apardılar. Burada ona qarşı artıq konkret ittihamlarlar irəli sürüldü. Guya onun çatda özünü “Korleone” kimi təqdim etməsi və partlayışların təşkili ilə bağlı göstəriş verən terrorçu olduğuna dair şübhələr var. Ancaq mobil telefonunu yoxlayanda məlum olub ki, o, heç vaxt həmin çata daxil olmayıb".

Qeyd edək ki, partlayışlarla bağlı cinayət işində 7 nəfər adı keçir. Onların hamısı dindirilmə zamanı və məhkəmədə Emin Mirzəyevlə heç vaxt ünsiyyətdə olmadıqlarını və onu görmədiklərini bildiriblər. 6 aylıq həbsdən sonra Emin dekabrın 19-da azadlığa buraxılıb, 21-də isə məhkəmə ona qarşı irəli sürülən bütün ittihamları ləğv edib. İsveç təhlükəsizlik qüvvələri bu vəziyyəti Emini başqa şəxslə səhv saldıqları ilə izah edib və ondan üzr istəyiblər.

Atasının sözlərinə görə, yalnız milliyyətcə azərbaycanlı olduğuna görə Eminlə Yunanıstan həbsxanasında pis rəftar edilib:

"Həbsxana işçiləri oğlumu “Azərbaycan donuzu” adlandıraraq təhqir ediblər. Azərbaycan səfirliyinin müdaxiləsi sayəsində mühafizəçilərin həbsdə olan oğluma münasibəti dəyişib”.

İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev onu da deyib ki, soyadları eyni olduğuna görə İsveçdə yaşayan ermənilər Eminin onun oğlu olduğuna qərar veriblər.

“Daşnak ideologiyasının daşıyıcıları olan ermənilər bundan mənim adımı ləkələmək üçün istifadə etdilər. Onlar Eminin oğlum olmadığı, sadəcə soyadlarımızın eyni olduğu faktına göz yumdular. Biz isveçli vəkil tutuduq və onun sayəsində Eminə qarşı bütün ittihamlar götürüldü. İsveç məhkəməsi E.Mirəzyevin səhvən axtarışa verildiyini və anlaşılmazlıq nəticəsində saxlanıldığını etiraf etdi. Emin hətta İsveç hakimiyyətindən dəymiş mənəvi ziyana görə təzminat da tələb edə bilər".