İsveçin Müdafiə naziri: “Türkiyə ilə birlikdə PKK-ya qarşı mübarizə aparacağıq”
Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, İsveçin Müdafiə naziri Pol Conson “Aftonbladet” qəzetinə müsahibəsində ölkəsinin beynəlxalq terrorçuluğa qarşı Türkiyə ilə birlikdə mübarizə aparacaqlarını vurğulayıb.
Nazir Vilnüsdə keçirilmiş NATO sammitində Türkiyə, İsveç və NATO arasında əldə edilmiş razılaşmadan və İsveçin NATO-ya daxil edilməsi ilə bağlı Türkiyə Böyük Millət Məclisinə təqdim edilən sənəddən danışarkən deyib: “Türkiyə ilə beynəlxalq terrorçuluğa qarşı birlikdə mübarizə aparacağıq. Özümüzü PKK terror təşkilatının İsveçdəki fəaliyyətinin qarşısını almağa həsr edəcəyik. Bu. həm bizim təhlükəsizliyimiz, həm də Türkiyənin təhlükəsizliyi üçün mühümdür”.
Jurnalistin “Vilnüsdəki görüşdə Türkiyə əldə edilən razılaşma nəticəsində İsveç YPG/PYD və FƏTÖ-nü də terror təşkilatı hesab edirmi?” sualının cavabında nazir Conson deyib: “Buna dəqiq cavab verə bilməyəm. Çünki görüşdə mən iştirak eləməmişəm. Ədliyyə naziri Qunnar Strömmer iştirak edib”.
Conson hansı terror qruplaşmaları ilə mübarizə aparılacağı məsələsinin Türkiyə, İsveç və finlandiyanın birgə imzaladıqları sənəddə də qeyd edildiyini söyləyib.
2022-ci il iyunun 28-də Madriddə keçirilən NATO sammitində imzalanana sənəddə deyilir: “Gələcək NATO müttəfiqləri olaraq, Finlandiya ilə İsveç milli təhlükəsizliyə yönəlik bütün təhdidlərə qarşı Türkiyəni tam dəstəkləyirlər. Bu çərçivədə Finlandiya və İsveç PYD/YPG və Türkiyədə FƏTÖ kimi adlanan təşkilatlara dəstək verməyəcəklər. Türkiyə də milli təhlükəsizliklərinə yönəlmiş bütün təhdidlərə qarşı Finlandiya ilə İsveçi tam dəstəkləyir”.
Türkiyə, İsveç və NATO-nun Vilnüsdəki üçtərəfli görüşündən sonra verilən yazılı bəyanatda deyilir: “İsveç PYD/YPG və Türkiyədə FƏTÖ kimi adlanan təşkilatlara təşkilata dəstək verməyəcəyini bir daha bəyan edir”.
Hürr Tərcüman
