İsveçlə Finlandiyanın nümayəndələri NATO-ya daxil olmaq üçün oktyabr ayında Türkiyə təmsilçiləri ilə görüşəcəklər
Hurriyyet.az xəbər verir ki, Finlandiyanın Xarici İşlər naziri Pekka Haavisto Türkiyənin “Hürriyet” qəzetinə müsahibəsində oktyabr ayında Finlandiya, İsveç və Türkiyə nümayəndələrinin NATO-ya üzvlük məsələsini müzakirə eləmək üçün görüşə biləcəklərini bəyan edib.
Nazir deyib: “NATO üzvlərinin bizim müraciətimizə baxması prosesini tezliklə başa çatdıracağına ümid edirik. Hazırda yaxşı nəticələrimiz var. İki ölkənin – Türkiyə ilə Macarıstanın parlamentlərinin razılıq verməsi qalıb”.
Finlandiyanın Xarici İşlər naziri Pekka Haavisto ölkələrin bu məsələdə irəliləyişə nail olduqlarını da qeyd edib: “Təfərrüatlara varmaq istəmirəm, amma avqust ayındakı görüş müsbət atmosferdə keçdi və irəliləyiş oldu. Növbəti iclasın oktyabr ayında keçiriləcəyi gözlənilir”.
Xatırladaq ki, 2022-ci ilin iyun ayında İsveç, Finlandiya və Türkiyə İsveç ilə Finlandiyanın NATO-ya daxil olması prosesinin başlanmasına imkan yaran memorandum imzalamışdılar. Ardından Türkiyə bəyan eləmişdi ki, memorandum yekun xarakterli deyil və İsveç ilə Finlandiya terror təşkilatlarına qarşı orada qeyd edilmiş öhdəlikləri yerinə yetirməsələr ölkə parlamenti onu təsdiqləməyə bilər.
Xəbər verdiyimiz kimi, İsveçin strateji məhsullar üzrə təftiş idarəsi dünən Türkiyəyə yenidən silah satışına icazə verən qərarını bəyan edib. Avropa mətbuatının yazdığına görə, bu, Ankaranın İsveçin NATO-ya daxil olmasını ratifikasiya etmək üçün irəli sürdüyü şərtlərdən biridir.
Türkiyənin Suriyada terrorçu kimi tanıdığı YPG/PKK qüvvələrinə qarşı əməliyyat aparması ilə əlaqədar İsveç ilə Finlandiya 2019-cu ildə Türkiyəyə silah ixracını qadağan eləmişdilər.
2022-ci il 18 may tarixində isə Finlandiya ilə İsveç NATO-ya daxil olmaq üçün müraciət etdikləri zaman Türkiyə bu iki ölkənin alyansa qoşulmasına qarşı çıxış eləmişdi. İyunun 28-də NATO sammitində Finlandiya ilə İsveç terrorçuluğa qarşı birgə mübarizə aparmağı vəd etdikdən sonra Türkiyə onların müraciətlərini dəstəkləmişdi.
Hürr Tərcüman