📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

KADIROVUN “SAĞ ƏLİ” ÖLÜB, YOXSA YARALANIB? - Delimxanovla bağlı ziddiyyətli məlumatlar yayılır

2023-06-14 17:54:00

KADIROVUN “SAĞ ƏLİ” ÖLÜB, YOXSA YARALANIB? - Delimxanovla bağlı ziddiyyətli məlumatlar yayılır

Ukrayna mətbuatının yazdığına görə, Zaporojye vilayəti ərazisində "kadırovçu"ların avtomobil karvanına raket zərbələri endirilib. Nəticədə Çeçenistan başçısı Ramzan Kadırovun "Axmat" xüsusi təyinatlı dəstəsinin 200-ə yaxın üzvünün öldürüldüyü və yaralandığı bildirilir.

Hurriyyet.az xəbər verir ki, sosial şəbəkələrdə və mətbuatda yayılan xəbərlərə görə, Ukrayna ordusunun raket zərbəsinin sıradan çıxardığı şəxslər arasında Ramzan Kadırovun “sağ əli” kimi tanınan Rusiya Dövlət Dumasının deputatı Adam Delimxanov da var. Ancaq onun sağ, yaralı, ya ölü olduğu barədə dəqiq məlumat verilmir.

Bir çox Ukrayna mənbələri Delimxanovun öldüyünü, bəziləri isə ağır yaralandığını iddia edirlər.

Ən əsası isə odur ki, şəxsən Ramzan Kadırovun özü Delimxanovla əlaqə qura bilmədiyini deyib və hətta Ukrayna kəşfiyyatına müraciət edərək zərbənin hansı nöqtəyə, hansı mövqelərə endirildiyi barədə ona məlumat verilməsini xahiş edib. O, "əziz qardaşım" adlandırdığı Delimxanovla heç cür əlaqə saxlaya bilmədiyini söyləməklə yanaşı, ona bu barədə xəbər verənləri mükafatlandıracağını da deyib.

Bunun ardınca, Rusiya Dövlət Dumasından ziddiyyətli xəbərlər gəlib. Duma deputatı Dmitri Kuznetsov parlament sədri Vyaçeslav Volodinə istinadla deyib ki, Delimxanov “sağ-salamatdır” və guya Volodin özü şəxsən onunla telefonla danışıb. Ancaq Rusiyanın rəsmi “Zvezda” kanalı Müdafiə Nazirliyinə istinadla xəbər yayıb ki, Delimxanov yaralanıb.

Bunun ardınca “Axmat” birləşməsinin komandiri Apti Alaudinov aranı bir az da qarışdırıb. O, əvvəlcə bu məlumatın “feyk” olduğunu, hətta Delimxanovun ümumiyyətlə hazırda Ukraynada olmadığını, Çeçenistana Ramzan Kadırovla görüşə getdiyini bəyan edib. Ancaq çox keçməmiş həmin Alaudinov açıqlama verib ki, Ramzan Kadırovdan Delimxanovun vurulduğu yeri tapmaq və onu nə yolla olursa olsun xilas etmək tapşırığı alıb. Hətta əlavə edib ki, hazırda Maryinka istiqmətindəki bütün “kadırovçuları” döyüş mövqelərindən çıxararaq, Delimxanovun axtarışına cəlb edir.

Nəhayət, məlum xəbər yayılandan bir neçə saat sonra Kremlin sözçüsü Dmitri Peskov da Delimxanovun taleyindən xəbərsiz olduqlarını və "çox narahatlıq keçirdiklərini" deyib.  

Bir sözlə, Kadırovun “sağ əli” ətrafında ziddiyyətli məlumatlar dolaşmaqdadır. Yəqin ki, özlərini az qala “İslam döyüşçüləri” elan edən, əslində isə ədalətsiz işğalçılıq müharibəsində əllərini qana bulayan “kadırovçular”a Ukraynada rəhbərlik edən Delimxanovun taleyi yaxın zamanda məlum olacaq.

AzPolitika.info