"Kaliforniya və Florida ştatlarının qubernatorları arasındakı debat dünya üçün əhəmiyyətli hadisə sayıla bilər" - XAQANİ CƏFƏRLİ
"Bu debat demokratların potensialının göstəricisi olduğu kimi, Respublikaçılar Partiyasının Ronald Reyqandan sonra necə cılızlaşdığını göstərir"
""Fox News"un aparıcısı Şon Hannitinin moderatorluğu ilə Kaliforniya ştatının qubernatoru, demokrat Qavin Nyusomla Florida ştatın qubernatoru, respublikaçı Ron DeSantis arasında debat bütün dünya üçün əhəmiyyətli hadisə sayıla bilər. Məsələ bu iki şəxsin yaxın gələcəkdə ABŞ-ın prezidentliyinə əsas iddialı namizədlər olacağı ilə bağlı deyil. Kaliforniyanın qubernatoru Qavin Nyusom Co Baydenin üç illik iqtidarı zamanı açılan iş yerlərinin sayının bütövlükdə respublikaçıların son üç prezidentinin hakimiyyəti dövründə açılan iş yerlərinin sayından çox olduğundan, inflyasiyanın 3 faizin altına düşdüyündən və ABŞ-ın ümum daxili məhsulun 5.2 faiz atdığından danışıb". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli qeyd edib.
Politoloq bildirib ki, Floridanın qubernatoru Ron DeSantis isə qanunsuz miqrant və cinsi azlıqlarla bağlı vəziyyətdən danışaraq Co Bayden hakimiyyətini tənqid edib: "Biri insanların həyat rifahının artmasından və dövlətin güclənməsindən, digəri isə populist liderlərin müdaxilə etməyi sevdikləri sahədən, insanların şəxsi həyatları ilə bağlı məsələdən danışıb. Bu debat demokratların potensialının göstəricisi olduğu kimi, Respublikaçılar Partiyasının Ronald Reyqandan sonra necə cılızlaşdığını göstərir. Bu debat aydın göstərdi ki, respublikaçılar Reyqanın siyasi irsinə qayıdana kimi vəziyyət belə olacaq".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az