KAMRAN ƏLİYEVİN “ƏDALƏTİ” – Vüqar Tofiqoğlu barəsində ittiham aktı toxunulmaz qaldı...
Aprelin 14-də “Hürriyyət”in kollektivi Baş prokuror Kamran Əliyevə müraciət etmişdi.
Hurriyyet.az xəbər verir ki, “Sizdən ədalət gözləyirik” sərlövhəli yazıda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “Hürriyyət” qəzeti və “Hurriyyet TV”-də keçirdiyi əməliyyat zamanı saxlanılan baş redaktor Vüqar Məmmədovun (Tofiqoğlunun) istintaqının yekunlaşması haqda məlumat verilirdi. Baş prokurora müraciətdə qeyd olunurdu ki, artıq cinayət işinin materialları rəhbərlik etdiyi quruma təqdim olunub, qarşıdakı 5 gün ərzində ittiham aktına baxılacaq.
“Hürriyyət” qəzetinin kollektivi K.Əliyevdən barəsində əsassız ittihamlar irəli sürülən Vüqar Məmmədovun cinayət işinə ədalətli yanaşılmasını xahiş edirdi:
“Məlumunuz olduğu kimi, “Hürriyyət” qəzetinin və “Hurriyyet TV”-nin rəhbəri Vüqar Tofiqoğlu Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələri ilə ittiham edilərək, həbs olunub.
Əldə etdiyimiz məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti artıq ilkin istintaq prosesini yekunlaşdıraraq, ittiham aktını Baş Prokurorluğa təqdim edib.
İstintaqın əlində olan yeganə “sübut” budur ki, guya Vüqar Tofiqoğlu “Veysəloğlu” şirkətini şantaj edərək, hər ay nə az, nə çox, düz 200 manat vəsaitin “Hürriyyət” qəzetinin hesabına köçürülməsinə nail olub. Halbuki, söhbət qarşı tərəfin müraciəti əsasında bağlanılan rəsmi reklam müqaviləsindən gedir və bunun qarşılığında saytımızda hər ay şirkətə məxsus ən azı 4-5 material dərc olunub. Üstəlik, “Veysəloğlu” bu müqaviləni yalnız “Hürriyyət”lə deyil, ölkədə nəşr olunan əksər qəzet və saytlarla bağlayıb. Bu faktın özü də ittihamın qondarma olduğunu ortaya qoyur.
Hörmətli Baş prokuror!
Sizdən xahişimiz odur ki, Vüqar Məmmədovla bağlı açılan cinayət işini şəxsi nəzarətinizə götürərək, DTX tərəfindən təqdim olunan ittiham aktının obyektiv araşdırılmasına göstəriş verəsiniz. Sizi əmin edirik ki, Baş Prokurorluğun bu məsələyə ədalətli yanaşması V.Məmmədovun günahsız olduğunu ortaya çıxaracaqdır.
Bu baxımdan, Sizdən yalnız ədalətli qərar gözləyirik və belə olacağına da inanırıq.
Odur ki, Sizə öncədən kollektivimiz adından dərin minnətdarlığımızı çatdırırıq”.
Hurriyyet.az xəbər verir ki, qeyd olunan müraciətə baxmayaraq, DTX -nın Baş Prokurorluğa təqdim etdiyi əsassız ittiham aktı bu qurumda olduğu kimi təsdiq olunub. Bu isə bir daha onu göstərir ki, Vüqar Tofiqoğlunun həbsi sifarişli olduğundan, kimsə, heç bir qurum, o cümlədən də Baş Prokurorluq ona qarşı ittiham aktının obyektiv və ədalətli araşdırılmasında maraqlı deyil. Görünən odur ki, rüşvətxor və korrupsioner məmurları müstəqil telejurnalistin fəaliyyəti narahat etdiyindən, hamsı əlbir olaraq Vüqar Tofiqoğlunu susdurmaqda israrlıdırlar.
Bütün bunlara rəğmən, güman edirik ki, son söz cənab Prezident İlham Əliyev və hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın olacaq. İnanırıq ki, dövlət rəhbərliyi Azərbaycanda azad söz carçısı olan, hər zaman həqiqətin yanında dayanan Vüqar Tofiqoğlunun hansısa məmurların şəxsi maraqlarının girovuna çevrilməsinə imkan verməyəcək.
Jalə FAMİLQIZI
Hurriyyet.az
(4).jpg)