Kamran Əsədovla qaynının işi böyüyür - 125 min hara gedib?
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı təqsirləndirilən təhsil eksperti Kamran Əsədov və tarix müəllimi Gündüz Abbasovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hurriyyet.Media-nın məlumatına görə, Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən proses şahidlərin dindirilməsi ilə başlayıb.
Daha əvvəl məhkəməyə çağırılsa da, iştirak etməyən şahidlər yenidən prosesə dəvət olunublar. Zərərçəkən Ramin Abdullayevin nümayəndəsi məhkəmədən ona dəymiş ziyanın ödənilməsini, həmçinin iş üzrə digər şəxslərin də prosesə çağırılmasını xahiş edib. Hakim vəsatətə növbəti mərhələdə baxılacağını bildirib.
Şahid qismində ifadə verən Şəbnəm Heydərova təqsirləndirilən Gündüz Abbasovu tanıdığını, onun bacısının həyat yoldaşı olduğunu deyib. O bildirib ki, Gündüz Abbasovu abituriyentlərə texniki vasitələrin verilməsinin qanun pozuntusu olduğu barədə əvvəlcədən xəbərdar edib.
Hakim isə şahidin ibtidai istintaqda verdiyi ifadəni xatırladaraq, Gündüz Abbasovun vaxtilə Şəmkirdə fəaliyyət göstərən kursda iki dəfə olduğunu, sonuncu səfəri zamanı isə hüquq-mühafizə orqanlarının əməliyyat keçirdiyini qeyd edib.
Digər şahid Gültac Mehdiyeva məhkəmədə qəbul imtahanları zamanı Gündüz Abbasovun kursunda olmadığını bildirib. Lakin zərərçəkən tərəf onun imtahan günü kursda olduğunu iddia edib.