📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kanada İranı təzminata məhkum edib – milyonlarla dollar ödəməlidir

2022-01-04 13:03:00

Kanada İranı təzminata məhkum edib – milyonlarla dollar ödəməlidir

Huriyyet.az “Yeni Akit” nəşrinə istinadən xəbər verir ki, Kanadanın Ontario vilayətində keçirilən məhkəmədə Ukrayna təyyarəsini vuran İran dövləti 107 milyon dollar təzminata məhkum edilib. Təyyarədə həlak olanlar arasında 63 Kanada vətəndaşı olub.

2020-ci il yanvarın 8-də İranın vurduğu, Ukrayna Hava Yollarına məxsus “Boing 737” tipli və 752-ci reysli sərnişin təyyarəsində həlak olan 63 Kanada vətəndaşının 6-sı üçün qaldırılan cinayət işində qərar açıqlanıb.

Ontario Ali Ədalət Məhkəməsinin hakimi Edvard Belobaba 6 qurbanın varislərinə paylaşılmaqla, 100 milyon dollar cərimə ödənilməsini hökm edib. 

Hakim Belobaba əlavə olaraq, ailə üzvlərinə rəhbərlik, baxım və dostluq itkisi üçün 1 milyon dollar, acı və iztirab üçün də 6 milyon dollar mənəvi təzminat ödənilməsini qərara alıb.

Şikayətçi Şahin Moğaddam, Mehrzad Zarei, Əli Qorji və İran hökumətindən çəkinərək adlarını gizli saxlayan digər 3 şəxsin vəkili Mark Arnold CBC kanalına açıqlamasında təzminatın ödənilməsi üçün lazımi addımları atacaqlarını bildirib.

Bəlli olduğu kimi, 2020-ci il yanvarın 8-də Ukrayna Hava Yollarına məxsus “Boinq 737” tipli sərnişin təyyarəsi Kiyevə getmək üçün Tehran Beynəlxalq Hava Limanından havaya qalxdıqdan qısa müddət sonra vurulmuş, təyyarədəki 176 şəxsdən heç biri xilas olmamışdı. Təyyarədə həlak olanlar arasında 63 nəfər Kanada vətəndaşı olub.

İran hökuməti təyyarənin səhvən vurulduğunu etiraf etmişdi. İran hadisədən təqribən 1 il sonra, 2020-ci il dekabrın 30-da həlak olanların hər birinin ailəsinə 150 min dollar təzminat ödəcəyini bildirmişdi.

Hürr Tərcüman