Kanada Ukraynaya “Bayraktar” almaq üçün vəsait toplayır – Qarabağ müharibəsi zamanı isə Türkiyəyə embarqo qoymuşdu
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Kanadada Ukraynaya “Bayraktar TB2” SPUA almaq üçün vəsait toplanışı təşkil edilib. Kampaniyanı Torontoda yerləşən UhelpUkraine xeyriyyə təşkilatı təşkil edib. Təşkilatçılar Ukrayna ordusu üçün 7 milyon Kanada dolları ödəmək niyyətindədirlər. Kampaniyanın saytında olan məlumata görə, indiyə qədər 12,4 min Kanada dolları toplanıb. “Bayraktar TB2” 2üçün vəsaitin Ukraynaya avqustun 24-də – Müstəqillik günündə təhvil verilməsi planlaşdırılır.
İndiyə qədər Litva, Polşa və Norveç sakinləri də Ukraynaya “Bayraktar TB2” almaq üçün vəsait toplayıblar. SPUA-nı (Silahlı Pilotsuz Uçuş Aparatı) istehsal edən “Baykar Makina” şirkəti vəsait toplanan Ukrayna ilə Litvaya həmrəylik əlaməti olaraq ümmilikdə dörd ədəd “Bayraktar TB2” hədiyyə etmişdi.
“Anadolu Agentliyi” xatırladıb ki, 2020-ci ilin oktyabrında, Azərbaycanda Vətən müharibəsi aparılan zaman Kanada Türkiyəyə SPUA üçün elektron-optik və infraqırmızı kamera sistemlərinin satışını dayandırmışdı. Rəsmi Ottava bu addımını Azərbaycanın Qarabağı işğaldan azad edərkən Ermənistan Silahlı Qüvvələrinə qarşı əməliyyatlarda türk dronlarından istifadə eləməsi ilə izah eləmişdi.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində belə deyib: “Bir çoxları imtina edirdi. Halbuki bu, gün kimi aydın idi, kim işğalçıdır, kim işğala məruz qalan ölkədir. İkili standartlar, ədalətsizlik, bax, budur. Biz bunu bu gün də görürük, Rusiya-Ukrayna müharibəsində görürük. Vaxtilə biz torpaqlarımızı işğaldan azad edəndə və məşhur “Bayraktar” dronlardan istifadə edəndə xarici ekspertlər və mətbuat bunu ölüm silahı kimi qələmə verirdi. İndi isə Rusiya-Ukrayna müharibəsində bunu mələk adlandırırlar. Fərq budur, ikili standartlar budur, bizə qarşı ədalətsizlik budur. Bu, reallıqdır. Biz isə öz gücümüzlə yeni reallıq yaratmışıq və yaradırıq”.
Hürr Tərcüman