Karbon qazı ilə bağlı mühüm plan – “Azərkimya”dan açıqlama
SOCAR-ın “Azərkimya” İstehsalat Birliyində bu il istehsal gücündən istifadə göstəricisinin 85 faizdən yüksək olacağı gözlənilir.
Hurriyyet.media bildirir ki, bu barədə müəssisəyə təşkil olunan media-tur zamanı məlumat verilib.
Bildirilib ki, “Azərkimya” İB 2025-ci ildə istehsal gücündən 86 faiz istifadə edib. 2026-cı ildə isə bu göstəricinin 85 faizdən yüksək olması planlaşdırılır.
Müəssisədə istehsalın səmərəliliyinin artırılması ilə yanaşı, ekoloji layihələrə də xüsusi diqqət yetirilir. Əsas istiqamətlərdən biri istehsal prosesində atmosferə atılan karbon qazının tutulması və təkrar xammal kimi istifadəsidir.
Məlumata görə, tutulacaq karbon qazının xammala ehtiyacı olan karbamid zavoduna yönəldilməsi nəzərdə tutulur. Bununla həm emissiyaların azaldılması, həm də istehsalat prosesində resurslardan daha səmərəli istifadə edilməsi hədəflənir.
Qeyd olunub ki, müəssisənin normal əməliyyat rejimində məşəl sistemində yalnız texnoloji təhlükəsizlik baxımından zəruri olan qazlar yandırılır. Atmosferə atılan qaz emissiyaları isə xüsusi monitorinq sistemləri vasitəsilə daim izlənilir.
Eyni zamanda, “SOCAR Polymer”in polipropilen və yüksək sıxlıqlı polietilen (HDPE) qurğularında texnoloji proses zamanı yaranan təsirsiz püskürmə qazlarının təkrar istifadəsi təmin edilir.
Bunun üçün “Azərkimya” ilə “SOCAR Polymer” arasında 4 kilometr uzunluğunda boru xətti çəkilib. Həmin xətt vasitəsilə qazlar geri qəbul edilərək yenidən istehsal prosesinə yönəldilir.
