📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kartdan-karta köçürmələrdə YENİ TARİFLƏR kimlərə təsir edəcək?

2026-10-15 16:42:02

Kartdan-karta köçürmələrdə YENİ TARİFLƏR kimlərə təsir edəcək?

Azərbaycanda kartdan-karta pul köçürmələri üzrə yeni xidmət haqqı tarifləri müəyyən edilib. Belə ki, milli valyutada həyata keçirilən əməliyyatlara görə 100 manatadək köçürmələrdə 3 qəpik, 100,01–1000 manata 10 qəpik, 1000,01–10 000 manata 50 qəpik, 10 000,01–40 000 manat – 2 manat, 40 000 manatdan yuxarı köçürmələrə 4 manat xidmət haqları tətbiq ediləcək. Dollar və avro ilə kartdan köçürmə və karta köçürmə əməliyyatları üzrə isə 100 vahidədək əməliyyatlarda 0,03, 1000 vahidədək əməliyyatlarda 0,10, 10 min vahidədək əməliyyatlarda 0,50, 40 min vahidədək əməliyyatlarda 2, daha yüksək məbləğlər üzrə isə 4 dollar və ya avro xidmət haqqı nəzərdə tutulub. 

Bundan əlavə, Hökumət Ödəniş Portalı üzrə göndərilən ödəniş sərəncamlarının icrasına görə 100 manatadək köçürmələrdə 3 qəpik, 100,01–1000 manat 10 qəpik, 1000,01–10 000 manat - 1 manat, 10 000,01–40 000 manat – 4 manat, 40 000 manatdan yuxarı – 8 manat tutulma olacaq. Qeyd edək ki, qayda gələn ilin 1 aprelindən tətbiq olunacaq. 

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verib.

Onun sözlərinə görə, son günlər müzakirə olunan tariflər birbaşa vətəndaşa aid deyil:

"Bu  tariflərin birbaşa vətəndaşa aidiyyəti yoxdur.  AZİPS, AÖS ödənişlər sistemi banklararası hesablaşmaları müəyyənləşdirən tariflərdir. Yəni birbaşa vətəndaşa göstərilən xidmətlər deyil. Təbii ki, vətəndaş bu xidmətlərdən istifadə edəndə ortaya çıxan xidmətdir, amma daha çox banklararası hesablaşmalara təsir edir. Əvvəldən də bu sahədə müəyyən rəqəmlər var idi. Yəni, pulsuz edilmirdi. Biz hansısa bank xidmətindən pulsuz istifadə ediriksə, bu, o demək deyil ki, bunun dəyəri yoxdur. Sadəcə olaraq bank müəyyən səbəblərə və öz maraqlarına görə o pulu bizdən almır. Məsələn, bankomatdan pul çıxarırıqsa və yaxud kartdan-karta müəyyən limit çərçivəsində vəsait göndəririksə, bunun həyata keçirilməsi bank üçün müəyyən xərcə başa gəlir. Yəni, bu işlərin təşkili bank üçün əlavə xərc yaradır. Pulsuz görünən əməliyyatlar əslində banklararası müəyyən haqq müqabilində edilir. Bəzi banklar bunu müştəriyə pulsuz edir, bəziləri isə komissiya təyin edir. Bu, bankın öz işidir".

İqtisadçı Xalid Kərimli

X. Kərimli qeyd edib ki, yeni tarif sistemi banklararası ödəniş sistemlərindəki spontanlığı aradan qaldırmaq üçündür. 

"Mərkəzi Bank bildirir ki, tariflər budur və iştirakçılar, banklararası ödəniş sistemləri arasında hesablaşmalar üçün konkret tarif müəyyənləşdirir. Əvvəllər hər bank özü üçün tarif müəyyənləşdirə bilirdi, bu razılaşmalar əsasında həyata keçirilirdi. İndi isə qanunla, normativ aktla müəyyən edilir ki, tariflər budur. Yəni, bu dəyişiklik daha çox banklararası hesablaşmalar üçün nəzərdə tutulub", - deyə müsahibimiz izah edib.

Yeni tarifin mümkün təsirlərinə toxunan X. Kərimli hesab edir ki, bu tariflər vətəndaşların maraqlarının qorunmasına, kiçik və orta biznesin dəstəklənməsinə, şəffaflığa və rəqabətin genişləndirilməsinə yönəlib:

"Konkret tariflər müəyyənləşdirməklə kiçik və orta biznesin bank qarşısında şərt müəyyənləşdirmək gücü artır. Əks halda bəziləri daha böyük faiz tətbiq edə bilərdilər. Məlumat və gücləri az olduğu üçün bu cür hədlərin qoyulması məhz kiçik və orta biznesin inkişafını dəstəkləmək və vətəndaşların maraqlarını qorumaq üçündür".