Keçmiş Baş nazir Böyük Britaniyadan sığınacaq istəyib
Hurriyyet.az "İnterfaks" agentliyinə istinadla xəbər verir ki, Banqladeşin keçmiş Baş naziri Şeyx Hasina Böyük Britaniyadan sığınacaq istəyib. Bu barədə "The Hindu" nəşri mənbələrə istinadla məlumat verib.
Xəbər verdiyimiz kimi, Şeyx Hasina ölkədəki kütləvi etirazlar səbəbindən istefa verərək, bacısı Rehana ilə birlikdə Banqladeşdən Hindistana səfər edib. Rehananın Britaniya vətəndaşlığına malik olduğu deyilir.
"Blumberq" agentliyinə məlumat verən mənbələr Hindistan hakimiyyətinin Hasinanın Londona uçacağı zaman onun təhlükəsizliyini təmin etməyə hazır olduğunu xəbər veriblər.
Şeyx Hasinanın ölkəni tərk etməsi xəbərini Banqladeşin quru qoşunlarının komandanı Vaker uz Zaman da təsdiqləyib.
Banqladeşdə etirazlar iyul ayında universitet şəhərciklərindən birində başlayıb - burada tələbələr 1971-ci il müstəqillik müharibəsi veteranlarının ailə üzvləri üçün iş yerlərinin 30%-nin ayrılması kvotalarının geri qaytarılmasına etiraz ediblər. Bu qanun 2018-ci ildə ləğv edilib, lakin 2024-cü ilin iyununda məhkəmə qərarı ilə yenidən qüvvəyə minib. Tələbələr ölkədəki yüksək işsizlik fonunda bunu ayrı-seçkilik hesab edirlər. Kütləvi etirazlar zamanı həm polis, həm də nümayişçilər arasında ölənlər (300 nəfərdən artıq) və yaralananlar olub.
Hürr Tərcüman