Keçmiş Moldova prezidenti ilə onun erməni xaç atası həbs edildi, ruspərəst sosialistlər ayağa qalxdı
Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Moldovanın keçmiş prezidenti, rusiyayönümlü siyasətçi İqor Dodon həbs edilib. 18 may tarixində ona qarşı korrupsiya ittihamı ilə cinayət işi qaldırılmışdı.
Sosialistlər partiyasının fəxri prezidenti olan Dodon 72 saatlığa həbs edilib. Dodonun xaç atası Pyotr Merinyanın da saxlanıldığı xəbəri yayılıb.
Həbs edilməzdən əvvəl İqor Dodonun evində və prezidenti olduğu “Moldova-Rusiya İşgüzar İttifaqı” assosiasiyasının qərargahında axtarış aparılıb.
“RİA Novosti” informasiya agentliyinin məlumatına görə, Moldovanın Sosialist Partiyası öz tərəfdarlarını etirazlara hazırlaşmağa çağırıb. İqor Dodonun fəxri lideri olduğu Sosialistlər partiyasının icraçı direktoru Vlad Batrınça deyib: “Moldova hakimiyyəti müxalifətə qarşı bütün metodlarla mübarizə aparır, ona görə də ölkədəki xarici diplomatik missiyalar bu vəziyyətə diqqət yetirməlidirlər. Vətəndaşlar isə etirazlara hazırlaşmalıdırlar”.
Bəlli olduğu kimi, postsovet məkanında Rusiyanın himayəsi ilə yaradılan separatçı dövlətlərdən biri olan qondarma Dnestryanı respublikanın ərazisində son dövrlərdə gərginlik müşahidə olunur, Rusiyanın Ukraynadan sonrakı hədəfinin Moldova ola biləcəyi ehtimalları irəli sürülür.
Hürr Tərcüman