Keçmiş prezidentin malikanəsinə basqın: Divarın arxasında gizli seyf tapıldı - VİDEO
Paraqvayda keçmiş prezident Santyaqo Penyanın milyonlarla dollar dəyərindəki malikanəsində polis əməliyyat keçirib. Axtarış zamanı evin saxta divarının arxasında yüksək təhlükəsizlik sisteminə malik gizli seyf aşkarlanıb. Lakin hüquq-mühafizə orqanları seyfi açmağa nail ola bilməyib.
Hurriyyet.net xəbər verir ki, bu barədə Türkiyənin “Haberler” nəşri məlumat yayıb.
Məlumata görə, noyabrın 8-də paytaxt Asunsion yaxınlığındakı San-Bernardino şəhərində yerləşən malikanəyə prokurorluq və polis əməkdaşları tərəfindən basqın edilib.
Axtarış zamanı evin otaqlarından birində gizli keçid, onun sonunda isə xüsusi mühafizə olunan seyf qapısı aşkarlanıb. İlkin araşdırma nəticəsində qapının rəqəmsal şifrə və biometrik tanıma sistemi ilə qorunduğu müəyyən edilib.
Yerli mətbuat seyfin İsrail istehsalı olan təhlükəsizlik texnologiyası ilə təchiz edildiyini, iris və üz tanıma sistemlərindən istifadə olunduğunu yazıb.
Mətbuatın məlumatına görə, keçmiş prezidentin San-Bernardinodakı malikanəsinin təxmini dəyəri 2 milyon dollardır. Təxminən 5 min kvadratmetr ərazidə yerləşən tikilinin qapalı sahəsi 1015 kvadratmetr təşkil edir.
İstintaq materiallarında Penyanın malikanənin tikintisi üçün 2024-cü ilin mayında “Ueno Bank”dan ümumi məbləği 3,5 milyard Paraqvay quaranisini ötən iki kredit götürdüyü bildirilir. Aylıq kredit ödənişlərinin 239 milyon quaraniyə çatdığı qeyd olunur. Bu məbləğin onun prezident maaşından təxminən altı dəfə çox olduğu vurğulanır.
Malikanədə axtarış “Ueno Bank”ın maliyyə fəaliyyəti ilə bağlı araşdırma çərçivəsində aparılıb. İstintaq bankda saxlanılan dövlət vəsaitləri və pensiya fondları ilə bağlı əməliyyatları da əhatə edir.
Məlumata görə, Santyaqo Penya bankla əlaqəli maliyyə araşdırması çərçivəsində etimaddan sui-istifadəyə təhrik və şəxsi maraqları naminə idarəetmə fəaliyyəti göstərməkdə ittiham olunur. Nəşrin məlumatında onun noyabrın 6-da Paraqvay Konqresi tərəfindən vəzifəsindən kənarlaşdırıldığı və barəsində həbsdə saxlanılmaqla mühakimə qərarı verildiyi bildirilir.
Gizli seyfin içərisində nə olduğu hələlik məlum deyil. Orada pul, sənədlər və ya digər qiymətli əşyaların saxlanılması ehtimalı araşdırılır. Prokurorluq malikanədəki axtarışı təsdiqləsə də, seyfin məzmunu ilə bağlı rəsmi açıqlama verməyib.