📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kərimli-Osmanqızı davası: “Ayrılmaz əqidədaşlar”ı kim ayırdı?

2024-03-19 16:02:40

Kərimli-Osmanqızı davası: “Ayrılmaz əqidədaşlar”ı kim ayırdı?

“Nə istəyir məndən AXCP rəhbərliyi? Mən Qabil deməyəcəyəm. Çünki bilirəm ki, onun dili ilə bunu edən AXCP rəhbərliyidir”.

Bunu ABŞ-dən yayımlanan “Osmanqızı” TV-nin rəhbəri Sevinc Osmanqızı son verilişlərinin birində deyib. Bu sözlər Osmanqızının geniş nitqinin ancaq qısa bir hissəsidir. Özünə qarşı müxalifətin (bunu deyərəkən Sevinc Osmanqızı AXCP və onun sədri Əli Kərimlini nəzərdə tutur-red.) “səlib yürüşü”nün səbəbini anlamadığını deyən Sevinc Osmanqızı özünü hər iki tərəfədən (həm iqtidar, həm müxalifət) sıxışdırılan “həqiqət carçısı” kimi təqdim edir.

Təbii ki, bu yanaşmada onun öz maraqları var, nə qədər çox təhqir (tənqid demirik), o qədər çox maliyyə. Ancaq məsələ burasındadır ki, bu həmin Sevinc Osmanqızı-Əli Kərimli cütlüyüdür ki, bir neçə il əvvəl AXCP sədri bəlkə ömründə ilk dəfə mitinqdə polis idarəsinə aparılıb orada qısa müddət saxlanılıb sərbəst buraxılmasından sonra ilk müsahibəsini məhz bu kanalda vermişdi. Bu, o veriliş idi ki, həmin aksiyadan sonra Əli Kərimlinin başındakı yara bandını görən Sevinc Osmanqızı “Əli bəy...” deyərək canlı efirdə hətta doluxsunmuşdu da və Əli Kərimli onu sakitləşdirməyə çalışmışdı.

Nə oldusa, sonradan oldu. Birdən-birə bu cütlük bir-birinə düşmən kəsildi, hər iki tərəf bir-birini günahlandırmağa başladı, Osmanqızı əlində olan yayım imkanlarından, Əli Kərimli isə gah Qənimət Zahidin vasitəsi ilə, gah da trol qrupundan bu məqsədlə gen-bol istifadə etdi. Hətta vəziyyət o qədər gərginləşdi ki, bir müddət əvvəl AXCP sədri kimi Əli Kərimlinin “Osmanqızı” TV-dəki çıxışı da heç nəyi dəyişmək iqtidarında olmadı. Zatən o müsahibəyə də cütlüyün bir-birinə qarşı “amansız mübarizəsi” səbəb olmuşdu.

Osmanqızı Əli Kərimlinin bostanına açıq-aşkar daş atmışdı, AXCP sədri də o daşı bostandan götürüb Osmanqızının mikrafonuna çırpmaq üçün efirə çıxmışdı. Ancaq elə o proqramda da görünürdü ki, tərəflərin bir-birinə bəslədiyi sonsuz nifrətin yerini “birgə addımlayan müxalif qüvvələrə” verməsi mümkün görünmür. Təxminlər özünü doğrultdu, çox keçmədən Əli Kərimli bu dəfə Sevinc Osmanqızının üzərinə öz trol ordusunu saldı. Sevinc Osmanqızının iddia etdiyi kimi, trol ordusunun başına da bu dəfə xarici ölkələrdən Azərbaycana qarşı ancaq və ancaq söyüş, təhqir, nifrət püskürənləri gətirib.

Hər halda Sevinc Osmanqızı üzərinə budəfəki “səlib yürüşü”nün arxasında da AXCP sədrinin olduğunu birbaşa canlı efirdə bəyan etdi və trol ordusuna təlimatın Əli Kərimlidən getdiyini açıqladı. İnandırıcı görünürmü? Görünür. Niyə? Ona görə ki, dəst-xəttin Əli Kərimliyə məxsusluğu elə ilk cümlələrdən bəlli olur.

Necə deyərlər, altında Əli Kərimlinin “imzası” olmasa da, nitqin məhz ona məxsus olduğunu elə AXCP sədrinin köhnə dostu, həmfikiri, həmmüxalifi olan Sevinc Osmanqızının ayırd etməsi çətin deyil. Əli Kərimlinin özünü “əbədi ana müxlaifət” elan etməsindən ötən müddət ərzində AXCP sədri dəfələrlə belə oyunların müəllifi olub. Lazım olduğu an “əqidədaşım” adlandırdığı şəxsləri ona lazım olmayan andan etibarən söyüşə, təhqirə, şantaja “qonaq edən” Əli Kərimli bunun üçün bütün mümkün vasitələrdən istifadə edir. 

Siyasi cameədə bunu dəfələrlə öz təcrübəsində yaşayanlar var və bu dəfə də növbə Sevinc Osmanqızına çatıb. İkisinin arasındakı “əqidədaş” münasibətlərinin hansı səbəbdən düşmənçiliyə çevrilməsi hələlik tam bəlli deyil. Detallar tam çılpaqlığı ilə cəmiyyətə bəlli olmasa da, ümumi motiv bəllidir. Birmənalı görünən odur ki, Sevinc Osmanqızı son çıxışlarında bu yarıtmaz müxalifəti hədəfə alır, verilişlərində onları bacarıqsızlıqda ittiham edir, özünü “ana müxalifət” hesab edən Əli Kərimli də buna təpki göstərir, “əməyinin”, “xidmətinin” kiçildildiyinə irad tutur, sanki onun “böyük mübarizəsi”nə xələl gətirməyə çalışırlarmış kimi etiraz edir. 

Lakin bu, münaqişənin görünən tərəfidir. Əslində olan isə qarşıdurma xarici mənbələrdən maliyyələşən bu iki şəxsin məhz həmin mənbələrlə bağlı çırpışmasıdır. Hər kəs odu öz qarşısına çəkir, bu da münasibətləri pik səviyyədə gərginləşdirir. Belə olanda Sevinc Osmanqızı “YouTube” platformasındakı imkanlarını, AXCP sədri isə trol ordusunu dövriyyəyə buraxır.

Nəticə də göz qarşısındadır. Bir zamanların “ayrılmaz əqidədaşı”, öz təbirlərincə desək, “birgə mübarizə aparan” iki qüvvəsi indi əllərində olan bütün imkanlardan bir-birinə qarşı mübarizədə istifadə edir. Əgər ortada şəxsi maraqlar varsa, ümumi maraqlar arxa plana keçir. Əli Kərimli-Sevinc Osmanqızı davasında olduğu kimi... 

cebhe.info