📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Keşiş Baqrat təzədən gəlir... - Yeni mitinqin vaxtını elan etdi

2024-05-22 10:49:52

Keşiş Baqrat təzədən gəlir... - Yeni mitinqin vaxtını elan etdi

Azərbaycanın 4 kəndinin qaytarılması və sərhədlərin delimitasiyası prosesi üzərindən erməniləri növbəti dəfə Paşinyan hakimiyyətinə qarşı üsyana qaldırmağa çalışan erməni kilsəsi və onun arxasında duran rusiyapərəst müxalif qüvvələrin önə çıxardığı Tavuş yeparxiyasının təxribatçı çağırışları ilə tanınan arxiyepiskopu Baqrat Qalstanyanın “siyasi macəraları” davam edir.

Hurriyyet.az xəbər verir ki, ötən gün İrəvandan Tavuşa qayıdan, lakin polisin sərhədyanı kəndlərə buraxmadığı keşiş Baqrat yenidən İrəvana dönmək niyyətində olduğunu bəyan edib. Baqrat hətta mayın 26-sı saat 16:00-da İrəvanın Respublika Meydanında mitinq təyin edib və erməniləri bu aksiyaya qatılmağa çağırıb.

Qeyd edək ki, ən kütləvi aksiyası mayın 9-da baş tutan keşiş Baqratı dəstəkləyən qüvvələrin bütün səylərinə baxmayaraq, növbəti günlərdə kütləvi etirazlar təşkil etmək mümkün olmamış, aksiyalara qoşulanların sayı günbəgün azalmışdı. Tavuşa qayıdanda isə Baqratın həndəvərində 5-10 nəfər qalmışdı.

Onu da xatırladaq ki, Ermənistan parlamentinin sədri Alen Simonyan erməni kilsəsi rəhbərliyini siyasətə qarışdığı üçün ittiham edib: “Kilsə və ya ruhanilərin siyasətlə məşğul olması olduqca qəbuledilməzdir. Müqəddəs Kitabda da deyilir: “Atamın Evini ticarət evinə çevirməyin”. Siyasət ticarətdir... Kilsə öz işini kənara qoyaraq ticarətlə məşğul olur. Onlar liturgiya pərdəsi altında mitinq təşkil edirlər”.

AzPolitika.info