“Khabar-fouri” saytından Azərbaycan əleyhinə növbəti böhtan xarakterli yazı: Ermənistana hücum edən Azərbaycan olub...
İranın “Khabar-fouri” saytı Azərbaycan əleyhinə “İran və Qarabağ müharibəsi: təhdidlərə baxış” başlıqlı böhtan xarakterli qərəzli yazı dərc edib. Yazıda sentyabrın 13-də baş verən döyüşlərdə Azərbaycan Ermənistana hücum etməkdə günahlandırılır. Məqalədə deyilir:
“Azərbaycan sentyabrın 13-ü, çərşənbə axşamı səhər saatlarında Ermənistana hücum edib. Hər iki tərəf qarşıdurmanın başlamasında bir-birini ittiham edir, lakin sübutlara görə, Azərbaycan hücumun təşəbbüskarı olub.
2020-ci ildə iki ay davam edən Qarabağ savaşı nəticəsində əldə edilmiş atəşkəs sazişi və 2 min rus qoşununun Laçın aşırımına yerləşdirilməsi demək olar ki, sabit sülhə gətirib çıxarmışdı. Amma görünən odur ki, Ukraynada müharibənin davam etməsi ilə İlham Əliyev fürsətdən istifadə edib İsrail və Türkiyə rejimlərinin dəstəyi ilə işi başa çatdırmaq istəyir.
Mübahisəli Qarabağ bölgəsi uzun illərdir ki, münaqişə mənbəyi olub. İranın şimal-qərb bölgələri ilə birlikdə İranla Çar Rusiyası arasında gedən müharibədə bədnam Gülüstan müqaviləsi əsasında İrandan ayrılan və illər sonra Sovet İttifaqının dağılması ilə yaranan Azərbaycan və Ermənistan adlı iki müstəqil dövlət indi ardıcıl və qanlı münaqişələrin şahidi olur.
İki il əvvəl 44 günlük Qarabağ müharibəsi başlayanda İran İslam Respublikası ölkələrin ərazi bütövlüyünü vurğulamaqla yanaşı, Ermənistanın ələ keçirdiyi ərazilərin Azərbaycana qaytarılmasına çağırış edib...”.
Ülviyyə, Hurriyyet.az