📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Kibertəhlükəsizlik yalnız hücum baş verdikdən sonra tədbir görmək deyil”

2026-11-19 12:53:12

“Kibertəhlükəsizlik yalnız hücum baş verdikdən sonra tədbir görmək deyil”

Xəbər verdiyimiz kimi, Bakıda “Süni intellekt dövründə güc və təsir: dəyişən kiberməkan mənzərəsinə regional baxış” mövzusunda beynəlxalq konfrans keçirilir.

Hurriyyet.net  xəbər verir ki, konfrans Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi İlqar Musayevin çıxışı ilə başlayıb.

Xidmət rəisi çıxışında deyib ki, bu gün texnologiyanın inkişafı yalnız iqtisadiyyatın və sosial həyatın transformasiyasına deyil, həm də beynəlxalq münasibətlərin xarakterinin, dövlətlərarası rəqabətin və qlobal güc balansının dəyişməsinə səbəb olur. Rəqəmsal texnologiyalar, süni intellekt və kiberməkan artıq dövlətlərin strateji maraqlarının formalaşmasına, milli təhlükəsizlik siyasətinə və beynəlxalq münasibətlər sisteminə birbaşa təsir göstərən amillərə çevrilib:

“Xüsusilə süni intellektin sürətli inkişafı bu dəyişikliklərə yeni ölçü qazandırır. Süni intellekt dövlətlərin texnoloji və iqtisadi imkanlarını genişləndirməklə yanaşı, informasiya müharibələrinin xarakterini, kiberəməliyyatların miqyasını və beynəlxalq təsir mexanizmlərini dəyişir. Belə bir şəraitdə kibertəhlükəsizliyə yalnız texniki müdafiə məsələsi kimi yanaşmaq artıq kifayət etmir.

Ölkəmizdə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik məsələləri dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxlanılır. Möhtərəm Prezident İlham Əliyevin 2026-cı il fevralın 11-də sədrliyi ilə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı müşavirədə bu sahələrin ölkənin strateji inkişafı baxımından əhəmiyyəti xüsusi vurğulanmış, dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi ilə bağlı mühüm tapşırıqlar verilib. Bu siyasətin institusional davamı olaraq yaradılmış Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən ilk iclasında da kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi məsələləri əsas müzakirə istiqamətlərindən biri olub. Bütün bunlar Azərbaycanın rəqəmsal transformasiyanı yalnız texnoloji inkişaf deyil, həm də milli təhlükəsizliyin və dövlət suverenliyinin mühüm təminatlarından biri kimi qəbul etdiyini nümayiş etdirir”.

İlqar Musayevin sözlərinə görə, beynəlxalq təcrübədən çıxan nəticəyə əsasən, kibertəhlükəsizlik yalnız hücum baş verdikdən sonra tədbir görmək deyil:

“O, risklərin əvvəlcədən müəyyən edilməsi, davamlı monitorinqi, qabaqlayıcı müdafiə, operativ reaksiya və xidmətlərin dayanıqlı bərpasını əhatə edən fasiləsiz prosesdir. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti olaraq fəaliyyətimizin əsas istiqamətlərindən biri dövlət informasiya sistemlərinin və kritik informasiya infrastrukturunun mühafizəsi, kibertəhdidlərin vaxtında aşkarlanması, insidentlərə çevik reaksiya verilməsi və qabaqlayıcı müdafiə mexanizmlərinin inkişaf etdirilməsidir.

2024-cü ildə Azərbaycanda ilk dəfə keçirilən Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans bu istiqamətdə mühüm beynəlxalq dialoq platformasının əsasını qoydu. 30-dan çox ölkədən 120-yə yaxın nümayəndəni bir araya gətirən həmin tədbir kibertəhlükəsizlik məsələlərinin diplomatik müstəvidə müzakirəsinə və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə əhəmiyyətli töhfə verdi.

Həmin konfransın nəticələrini üç əsas istiqamətdə ümumiləşdirmək mümkündür.

Birincisi, konfransda qəbul olunan Bakı Bəyannaməsi vasitəsilə açıq, təhlükəsiz və sabit kiberməkanın təşviqinə, beynəlxalq hüququn prinsiplərinə və məsuliyyətli dövlət davranışına dair mövqelər ifadə edildi. Bu, kiberdiplomatiya üzrə dialoqun normativ və siyasi əsaslarının müzakirəsinə töhfə verdi.

İkincisi, konfrans çərçivəsində istifadəyə verilən Kiberdiplomatiya üzrə Tvinninq Mərkəzi elmi-tədqiqat, təhsil və peşəkar hazırlıq istiqamətlərində əməkdaşlığın inkişafı üçün institusional zəmin formalaşdırdı.

Üçüncüsü, həmin konfransa müxtəlif ölkələrdən gələn dövlət nümayəndələrinin, diplomatların və ekspertlərin iştirakı kiberməkanda təhlükəsizlik problemlərinin həlli üçün çoxtərəfli dialoqun əhəmiyyətini bir daha önə çıxardı.

Həmin təşəbbüslərin davamı olaraq bu gün ikinci konfrans çərçivəsində yenidən bir araya gəlməyimiz xüsusi əhəmiyyət daşıyır. İlk konfransda formalaşan dialoqun davam etdirilməsi, əldə olunmuş təcrübənin inkişaf etdirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi bizim üçün prinsipial əhəmiyyət kəsb edir.

Bu baxımdan builki konfransın “Süni intellekt dövründə güc və təsir: dəyişən kiberməkan mənzərəsinə regional baxış” mövzusu təsadüfi seçilməyib. Bu mövzu texnoloji inkişafla geosiyasi proseslərin getdikcə daha sıx qarşılıqlı əlaqədə olduğu müasir dövrün reallıqlarını əks etdirir.

İnanıram ki, konfrans çərçivəsində süni intellektin beynəlxalq münasibətlərə təsiri, dövlətlərin strateji müstəqilliyinin qorunması, informasiya müharibəsi və deepfake texnologiyalarının yaratdığı təhdidlər, eləcə də kritik infrastrukturun mühafizəsi ilə bağlı aparılacaq müzakirələr mühüm nəticələrin əldə edilməsinə imkan verəcək.

Azərbaycan bu istiqamətdə beynəlxalq dialoqun genişləndirilməsinə, təcrübə mübadiləsinin təşviqinə və qarşılıqlı faydalı tərəfdaşlıqların inkişafına xüsusi önəm verir. Ölkəmizin belə bir beynəlxalq platformaya ev sahibliyi etməsi də məhz bu yanaşmanın və beynəlxalq əməkdaşlığa verdiyimiz əhəmiyyətin ifadəsidir.

Bugünkü konfrans yalnız mövcud çağırışların müzakirəsi ilə məhdudlaşmayacaq, həm də kiberdiplomatiyanın gələcək inkişafına, regional və beynəlxalq əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsinə, eləcə də kiberməkanda etimad və təhlükəsizliyin möhkəmləndirilməsinə real töhfə verəcək”.

Xidmət rəisi sonda əminliklə deyib ki, bu konfrans çərçivəsində panel müzakirələri nəticəsində formalaşacaq ideyalar, səsləndiriləcək təşəbbüslər və qurulacaq tərəfdaşlıqlar daha təhlükəsiz, etibarlı və dayanıqlı kibermühitin yaradılmasına xidmət edəcək.