📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Kılıçdaroğlu siyasi karyerasının sonuna çatdı" - ŞAHİN CƏFƏRLİ

2023-05-29 12:09:00

"Böyük ehtimalla yaxın aylarda CHP-də lider dəyişikliyi gerçəkləşəcək"

"Gözlənilən oldu. İlk turda 49,5 faizlik nəticəyə malik namizədin, üstəlik bu namizəd dövlətin bütün resurslarını əlində cəmləşdirmiş mövcud prezidentdirsə, uduzması möcüzəyə qalmışdı. Kılıçdaroğlu Ümit Özdağ sayəsində millətçilərdən əlavə səslər aldı, lakin o biri tərəfdən kürdlərin bir qisminin səsini itirdi". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli qeyd edib.

Siyasi şərhçinin sözlərinə görə, Kılıçdaroğlu siyasi karyerasının sonuna çatdı və böyük ehtimalla, yaxın aylarda CHP-də lider dəyişikliyi gerçəkləşəcək: "Ərdoğan da siyasi karyerasının sonuna yaxınlaşıb. Onun qarşıdakı prezidentlik müddəti həm səhhətindəki problemlər, həm də ölkədəki ağır sosial-iqtisadi vəziyyət səbəbi ilə əvvəlkilərdən daha çətin keçəcək. İqtisadiyyat faktiki, iflas edib, bir sunami yaxınlaşır. İdarəçilikdə ciddi dəyişiklik olmasa, kadr siyasətində peşəkarlara üstünlük verilməsə və lazımi islahatlar aparılmasa, vəziyyət daha da pisləşəcək. Qətər əmiri və Putin Türkiyə kimi böyük ölkəni uzun müddət ayaqda saxlaya bilməz. Lakin Ərdoğan çətin ki, bu dinamizmi göstərsin və öz idarəçilik fəlsəfəsini dəyişsin".

Şahin Cəfərlinin fikrincə, durumu daha da mürəkkəbləşdirən amillərdən biri də budur ki, milyonlarla ərəb, əfqan, pakistanlı, iraqlı, iranlı, afrikalı qaçqın Türkiyədə qalmağa davam edəcək: "AKP hökuməti bu qaçqınlara tədricən vətəndaşlıq verib, ölkə demoqrafiyasını dəyişdirməyə çalışarsa, indikindən daha mühafizəkar bir toplum yapısı ortaya çıxacaq ki, bu, Türkiyə üçün bir fəlakət ssenarisidir. Daha bir təhlükə Türkiyədən Qərbə "beyin axını"nın artaraq davam edəcəyi ehtimalıdır. Müxalifət demoralizə olmadan tezliklə yeni bir strategiya müəyyən etməli və tərəfdarlarına ümid verməyə çalışmalıdır. 10 ay sonra yenə seçki var, dünyanın sonu deyil".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az