Kim Çenin bacısı Cənubi Koreyanı nüvə zərbəsi ilə təhdid etdi
Hurriyyet.az “Akşam” nəşrinə istinadla xəbər verir ki, Şimali Koreyanın dövlət başçısı Kim Çen Inın bacısı, Koreya Əmək Partiyasının Mərkəzi Komitəsinin Təbliğat və Təşviqat Şöbəsinin direktorunun müavini Kim Yo Çjon Cənubi Koreyanı nüvə silahı ilə təhdid edib.
O, Cənubi Koreya ilə hərbi qarşıdurma yaranacağı təqdirdə, ölkənin nüvə qüvvələrinin öz borclarını yerinə yetirəcəklərini bəyan edib. Kim Yo Çjon qeyd edib ki, birinci zərbəni Koreya Xalq Demokratik Respublikası endirməyəcək.
Kim Çen Inın bacısı onu da əlavə edib ki, Cənubi Koreya KXDR-ə qarşı hərbi addımlar atmayacağı təqdirdə Şimali Koreya tərəfindən “hücum hədəfi hesab edilməyəcək”.
Aprelin 1-də Cənubi Koreyanın Müdafiə naziri So Uk bildirmişdi ki, Pxenyan Seula doğru raket atacağı təqdirdə respublikanın Silahlı Qüvvələri raketlərin atıldığı yerlərə və KXDR-in komanda obyektlərinə zərbə endirə bilər.
Koreya Əmək Partiyasının Mərkəzi Komitəsinin katibi Pak Çon Çxon isə bu açıqlamaya cavab olaraq demişdi ki, önləyici zərbə endiriləcəyi təqdirdə KXDR Cənubi Koreyadakı əsas hədəfləri “amansızlıqla” məhv edəcək.
Hürr Tərcüman