Kiminə Avropa, kiminə rus sapoqu... - Gürcüstan rus vassallığından qurtulacaqmı?
Brüsselin Gürcüstana Avropa İttifaqı üzvlüyünə namizəd statusunu verməkdən imtina etməsi “Gürcü arzusu” partiyasının 9 illik hakimiyyətinin məntiqi nəticəsi idi. 2012-ci ildə rusiyalı oliqarx Bidzina (Boris) İvanişvilinin yaratdığı bu siyasi təşkilat Gürcüstanı postsovet məkanında avrointeqrasiya liderindən avroautsayderinə çevirib. Tamamən oliqarxın qanadları altında olan hakimiyyət son 9 ildə Gürcüstanın vətəndaş cəmiyyətinin əsaslarını sistemli və məqsədyönlü şəkildə dağıdıb, ölkənin Aİ-yə daxil olmasını sabotaj edərək, açıq şəkildə Kremlin maraqlarından çıxış edir.
İvanişvilinin sponsorluq etdiyi hakimiyyət 2013-cü ildən ölkədə müxalifətə qarşı hər il daha geniş vüsət alan siyasi repressiyalar həyata keçirilir. Bunlara müxalif “Rustavi 2” telekanalının dağıdılması cəhdi (sonda kanal qanuni sahiblərindən alınaraq hökumətyönlü iş adamına təhvil verilib), keçmiş prezident Mixail Saakaşvilinin siyasi təqibi və tanınmış müxalifətçi jurnalist Nika Qvaramianın bu yaxınlarda həbsi də aiddidr.
Ölkənin müxtəlif bölgələrində müxalifət fəallarına qarşı hücumlar, əhaliyə hədə-qorxu gəlinməsi, hakimiyyətin təşkil etdiyi kütləvi seçki saxtakarlıqları periodik həyata keçirilir ki, bu da "Demokratiyaya xələl gətirir", çünki Avropa İttifaqına daxil olmaq üçün tələb və tövsiyələrə ziddir. Siyasi repressiyaların aparıldığı ölkə Azad Dünyanın bir hissəsi ola bilməz - belə bir mesaj iyunun 23-də avropalı siyasətçilər Gürcüstan cəmiyyətinə və hökumətinə ünvanlandı.
Bununla belə, gürcü oliqarxın rejimi öz tərəfdarlarının şüurunda paralel reallıq qurur. Orada oliqarx Bidzina İvanişvili və “Gürcü Arzusu” partiyası dünyanın “Demokratiya nuru”dur və onlara qarşı çıxan hər kəs ABŞ və ya Avropa siyasətçisi olsa belə, “Kreml agenti” elan edilir.
Baş nazir İrakli Qaribaşvili Gürcüstanın müttəfiqləri ilə münasibətləri məqsədyönlü şəkildə qəsdən korlayır, onlar haqqında qeyri-diplomatik, sadəcə olaraq rüsvayçı bəyanatlara yol verir və bununla da Gürcüstan hökumətinin ümumi qəbul edilmiş sivil qaydalarla oynamaq niyyətində olmadığını nümayiş etdirir.
Avropalılar açıq şəkildə vurğuladılar ki, Gürcüstan Aİ-yə daxil olmaqdan ötrü kriteriyalardan biri olan “oliqarxiya”dan qurtulmalıdır. Cavabında isə Qaribaşvili bildirib ki, ölkədə əsas oliqarx qanunsuz həbs edilən və hazırda həbsdə olan sabiq prezident Mixail Saakaşvilinin anası 75 yaşlı Giuli Alasaniyadır.
Bu cəfəngiyatı şərh etmək məntiqli belə gəlmir - bu, rusiyayönlü baş nazirin Gürcüstan cəmiyyətində çaşqınlıq yaratmaq üçün növbəti cəhdidir. Amma bu siyasi sirkin əsas məqsədi xaos yaymaq, Gürcüstanı Avropa yolundan sapdırmaq və müxtəlif hiylələrlə onu Rusiyadan tam asılı vəziyyətə salmaqdır.
Gürcüstan cəmiyyətinin "Gürcüs Arzu"sunun uğursuz nəticələrindən narazılığı artır, lakin Qaribaşvilinin və oliqarx hakimiyyətin digər rəsmilərinin həyasız ritorikası göstərir ki, onlar nə indi, nə sonra, nə də gələcəkdə planlanan hansısa seçkilərdə Gürcüstanda etdiklərindən peşmançılıq keçirmək, yanlışlıqlarından üzr istəmək və hakimiyyətdən getmək niyyətində deyillər.
Azad, ləyaqətli Avropa gələcəyi əvəzinə, gürcülərə Moskvanın göstərişinə əsasən, Gürcüstanın və onun xalqının taleyinə sanki öz mülkü kimi nəzarət edəcək daha bir Putin oliqarxının ayağına sərilməyi təklif edirlər.
Artıq bəllidir ki, oliqarx “İvanişvili Arzusu”nun Gürcüstanın inkişafına vurduğu ziyanın bərpası ən azı bir neçə illik ciddi iş tələb edəcək. Amma gürcü xalqı Boris-Bidzina İvanişvili və onun rusiyapərəst marionetlərindən siyasi müstəvidə qurtulmasa, bu da mümkün olmayacaq. Çünki İvanişvili sistemi Gürcüstanı Rusiyanın, bununla yanaşı İranın vassalına, Ermənistanın da işbirlikçisinə çevirməkdə israrlıdır...
Ülviyyə, Hurriyyet.az