📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Kişinyov Kremli qıcıqlandıracaq addımlar atmaqdan da geri durmur" - TURAN RZAYEV

2023-04-26 13:36:00

"Rusiya isə öz növbəsində, həm daxildəki ruspərəst qüvvələri aktivləşdirmək, həm Dnesteryanı münaqişəsini alovlandırmaq, həm də Qaqauziya problemini aktivləşdirməklə Moldovaya ciddi baş ağrısı yarada bilər"

"Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Nikolay Popesku Avropa Birliyi ölkələrinin Xarici İşlər Nazirləri Şurasının Moldovaya müdafiə potensialının inkişafı üçün 40 milyon avro ayrılması qərarını təsdiqlədiyini bildirib. "Avropa Sülh Fondundan 40 milyon avro yardım göstəriləcək. Avropa Birliyinin davamlı dəstəyinə görə minnətdarlığımı bildirdim və ölkənin Avropa Birliyinə daxil olması üçün eyni əzmlə işləməyə davam edəcəyimizi vurğuladım", – Popesku deyib. Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir zamanda rəsmi Kişinyovun müdafiə potensialını artırması və bu istiqamətdə Qərbin 40 milyon avro ayrılması diqqət çəkir". Hurriyyet.az xəbər verir ki, bunu siyasi ekspert Turan Rzayev qeyd edib.

Siyasi ekspertin sözlərinə görə, Moldova Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyadan gələcək hücumlardan ehtiyat edir: "Bununla belə Kişinyov Kremli qıcıqlandıracaq addımlar atmaqdan da geri durmur. Misal üçün bir neçə gün öncə Rusiya səfirliyinin bir əməkdaşı persona non-qrata elan edildi. Bundan başqa, Rusiya saytlarının ölkə ərazisində yayımı da bloklanıb. Moldova başa düşür ki, indiki məqdamda Rusiyanın başı Ukrayna müharibəsi və Cənubi Qafqazdakı proseslərə qarışıb. Bu fürsətdən istifadə edən rəsmi Kişinyov Qərbə yaxınlaşaraq yenə Qərbin dəstəyi ilə müdafiə potensialını artırır".

Turan Rzayev bildirib ki, bütün bunlara baxmayaraq, Rusiyanın Kişinyova təzyiq imkanları heç də hücumla kifayət deyil: "Kreml həm daxildəki ruspərəst qüvvələri aktivləşdirmək, həm Dnesteryanı münaqişəsini alovlandırmaq, həm də Qaqauziya problemini aktivləşdirməklə Kişinyova ciddi baş ağrısı yarada bilər".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az