📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kitabxanalarda iş rejimi dəyişdi

2026-10-07 23:11:25

Kitabxanalarda iş rejimi dəyişdi

Bakıda kitabxanalarda iş rejimi dəyişdirilib.

Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Mərkəzləşdirilmiş Kitabxana Sistemləri və M.Ə.Sabir adına Şəhər Kütləvi Kitabxanasında oktyabrın 1-dən altıgünlük iş həftəsi tətbiq edilir.

Bununla bağlı Mədəniyyət Baş İdarəsi tərəfindən təsdiq olunan əmrdə iş rejiminin Əmək Məcəlləsinin tələblərinə və müvafiq il üçün müəyyən edilmiş iş vaxtı normasına uyğun hazırlanması, həmçinin əmək müqavilələrində müvafiq dəyişikliklərin həyata keçirilməsi tapşırılıb.

Belə ki, sənədə əlavə edilmiş nümunəvi qrafikdə bazar ertəsindən cümə gününədək iş vaxtı 09:00–17:00, şənbə günü isə 09:00–15:00 müəyyənləşdirilib. Bazar günü istirahət günüdür.

Maraqlıdır ki, Mədəniyyət Baş İdarəsinin 15 sentyabr 2026-cı il tarixli digər əmri ilə tabeli müəssisələr üçün iki ay müddətinə dəyişkən iş qrafiki nəzərdə tutulub. Həmin sənəddə 08:00–17:00, 09:00–18:00 və 09:30–18:30 olmaqla üç iş rejimi müəyyən edilib.

Əmrlə tabeli müəssisələrin rəhbərlərinə əməkdaşları fəaliyyət istiqamətləri və əmək funksiyalarını nəzərə almaqla üç qrupa bölmək, hər iş rejimi üzrə işçilərin ümumi sayının 30 faizindən az olmamasını təmin etmək tapşırılıb.

Beləliklə, tabeli müəssisələr üçün üç fərqli dəyişkən iş rejimi müəyyən edilsə də, kitabxanalar üçün təsdiqlənmiş nümunəvi qrafikdə yalnız 09:00–17:00 rejimi göstərilib.

Əvvəlki dövrlərdə işə qəbul edilmiş əməkdaşların əmək müqavilələrində beşgünlük iş həftəsi və iki istirahət günü nəzərdə tutulsa da, Əmək və Məşğulluq Altsistemində (ƏMAS) mövcud əmək müqavilələrində dəyişiklik edilib və altı iş günü göstərilib.

Mədəniyyət Baş İdarəsi tərəfindən təsdiq olunan əmrdə yeni iş rejiminin məqsədlərindən birinin kitabxana xidmətlərinin əhali üçün daha əlçatan və çevik göstərilməsi, vətəndaşların xidmətlərdən istifadə imkanlarının artırılması kimi göstərilsə də, dəyişiklikdən sonra faktiki olaraq kitabxanalar şənbə günü saat 15:00-dan sonra, bazar günü isə tamamilə fəaliyyət göstərmir.

Əvvəllər kitabxanaların həftənin yeddi günü fəaliyyət göstərməsi və əməkdaşların sürüşkən qrafiklə iki istirahət günündən istifadə etməsi xidmətlərdən daha geniş vaxt çərçivəsində yararlanmağa imkan verirdi. Yeni qrafik isə xüsusilə həftəiçi işləyən və yalnız həftəsonu kitabxanaya müraciət edə bilən oxucuların imkanlarını məhdudlaşdırır.

Altıgünlük iş qrafiki kitabxanalarla yanaşı mədəniyyət evlərində və bəzi muzeylərdə də artıq tətbiq olunub./Yurd.Media/