Kiyev təhlükədədir! İsrail paytaxtdakı səfirliyini Lvova köçürür
Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, İsrail Ukraynadakı səfirliyini paytaxt Kiyevdən Lvov şəhərinə köçürür.
Həmçinin, İsrailin Xarici İşlər Nazirliyi yenidən öz açıqlamasında isralliləri evlərinə qayıtmağa çağırıb. İsrail XİN-in açıqlamasında deyilir: “İsrailin Kiyevdəki səfirliyinin fəaliyyəti Lvov şəhərinə köçürülür. Bu gün XİN-də vəziyyətin qiymətləndirilməsi ilə bağlı məşvərətdən sonra İsrailin Xarici İşlər naziri Yair Lapid İsrailin Ukraynadakı səfirliyinin əməkdaşlarına Ukraynanın qərbindəki Lvov şəhərində açılmış konsulluq nümayəndəliyinə getməyi tapşırmaq qərarına gəlib”.
İsrail XİN-in “hadisələrin istənilən axarda inkişafına, o cümlədən quru yolu ilə evakuasiyaya hazırlaşdığı” qeyd edilir. Bununla əlaqədar Lvov şəhərinə göndərilmiş İsrail diplomatları, həmçinin, onların Polşada, Slovakiyada, Rumıniyada, Moldovada və Macarıstanda işləyən həmkarları son günlərdə Ukrayna ilə sərhəd keçid məntəqələrinə səfərlər edərək, Ukraynanı tərk eləmək istəyən İsrail vətəndaşlarının səfərlərinin təmin edilməsi üçün yerli hakimiyyət nümayəndələri ilə görüşlər keçiriblər.
Hürr Tərcüman