Kiyevdən alyansa təklif – NATO-nun rəsmi üzvü olmasa da olar
Hurriyyet.az xəbər verir ki, Ukraynanın Müdafiə naziri Aleksey Reznikov ölkəsinin NATO-ya qeyri-rəsmi üzv kimi qəbul edilməsi imkanını nəzərdən keçirməyi təklif edib.
Reznikov bu fikti Bratislavada keçirilən, təhlükəsizlik məsələlərinə həsr edilmiş “Globsec-2022” konfransında səsləndirib. Konfransa videokörpü vasitəsi ilə qoşulan Reznikov bildirib ki, Şimali Atlantika İttifaqının iyun ayında keçiriləcək, qarşıdakı onilliyin strategiyasına həsr edilən sammitində Ukranyanın hərbi ittifaqa de-yure yox, de-fakto qəbul edilməsi nəzərdən keçirilməlidir.
Ukraynanın Müdafiə naziri deyib: “Ukrayna da həmin strategiyanın bir hissəsi olacaqdır. Çünki biz həm Avropa İttifaqının, həm də NATO-nun şərq qanadına daxilik. Mənim fikrimcə, bu, bütün ölkələr üçün uduşlu vəziyyət olacaqdır”.
Reznikov Ukraynadakı müharibənin uzun müddət davam edəcəyini güman elədiyini də bildirib: “Rusiya Silahlı Qüvvələri hücum eləmək əvəzinə, ölkənin cənubunda – işğal elədikləri ərazilərdə, xüsusilə də Xersonda müdafiə mövqeləri qururlar”.
Hürr Tərcüman