📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Klassik erməni həyasızlığı: - Azərbaycan hansı addımlar ata bilər?

2022-05-21 15:45:00

Klassik erməni həyasızlığı: - Azərbaycan hansı addımlar ata bilər?

Azərbaycan Ermənistanın Qarabağın gələcək statusu və təhlükəsizliyi ilə bağlı təklifini hələ qəbul etməyib”.

Bunu Brüsseldə səfərdə olan Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan bildirib.

Onun sözlərinə görə, Qarabağ məsələsinin bağlandığını demək hələ tezdir:

“Biz sülh prosesinə dair baxışımızı və Azərbaycanın bizə verdiyi təkliflərdə bizim üçün qeyri-məqbul sayılacaq heç nə olmadığını bildirmişik. Lakin bu təkliflər gözlənilən sülh müqaviləsinin gündəliyi üçün heç də bütün məsələləri əhatə etmir. Bizim üçün əsas məsələ Qarabağ ermənilərinin təhlükəsizliyi və Qarabağın statusu məsələsidir”.

Mirzoyan "status" məsələsi ilə yanaşı, ATƏT-in Minsk qrupunu da yenidən gündəmə gətirib:

"Rəsmi İrəvan müzakirələrin davam etdirilməsinə tərəfdardır. Biz hesab edirik ki, sülh müqaviləsi üzrə danışıqların ATƏT-in Minsk qrupunun, həmsədrlərin mandatının çərçivəsində aparılması mühümdür. Biz hələki bu təkliflərə Azərbaycandan müsbət cavab almamışıq. Amma bütün səylər göstərilir ki, bu danışıqlar mümkün olsun”.

Görünən odur ki, ermənilər yenə də öz həyasızlıqlardından əl çəkməməkdə israr edirlər. Azərbaycanın bütün sülh təkliflərinə və xoş niyyətinə rəğmən müharibədə məğlub olmuş Ermənistan yenə də hədsizcə öz təkliflərini irəli sürür.

Rəsmi İrəvan vaxt qazanmaq məqsədilə status və 30 il ərzində fəaliyyətsizlik nümayiş etdirən ATƏT-in Minsk qrupunu gündəmə gətirir. Üstəlik, Ermənistan 10 noyabr Bəyanatında üzərinə götürdüyü öhdəlikləri də yerinə yetirmir.

Bu halda Azərbaycan hansı addımları ata bilər? DİA.AZ-ın məlumatına görə, bununla bağlı Cebhe.info-ya açıqlama verən politoloq Şəbnəm Həsənova bildirib ki, Ermənistan forpost ölkədir və müstəqil xarici siyasət yürütmək iqtidarında olmadığı hər kəsə məlumdur:

"Ararat Mirzoyanın bu açıqlamaları isə klassik erməni fırıldağıdır. O, sülh danışıqlarını pozmağa cəhd göstərir. Çünki pozmağa yetəcək qədər gücləri və hətta deyərdim ki, öncəki zamanlarda olduğu qədər məsələləri keçmişə qaytarmaq üçün dəstəkləri də yoxdur. Şou xarakterli mitinqlər də işə salındı ki, vaxt uzansın, müəyyən təsir və təzyiq olsun. Amma hər bir cəhd uğursuzluğa düçar olur.

ATƏT-in Minsk qrupunu da diriltmək mümkünsüzdür. Nəinki Ermənistan-Azərbaycan, hətta başqa məsələlərlə bağlı həmsədr dövlətlər belə eyni masa arxasında otura bilmirlər. Buna görə də tərəflərin hər biri xüsusi nümayəndə təyin etdi. Ararat Mirzoyan deyir ki, onlar üçün əsas məsələ Qarabağ ermənilərinin təhlükəsizliyi və Qarabağın statusu məsələsidir. Status məsələsi gündəm mövzusu belə deyil. Bu günə kimi heç bir sənəddə status sözü yer almadı.

Qarabağ ermənilərinin təhlükəsizliyi məsələsinə gəldikdə isə necə ki, Azərbaycanın rəsmən tanınmış sərhədləri çərçivəsində hər kəsin təhlükəsiz şəraitdə yaşamasını Azərbaycan dövləti təmin edir, Qarabağ ermənilərinin təhlükəsizliyi də bizim işimizdir. Dəfələrlə ən ali səviyyədə bunu bildirmişik, hətta Prezident İlham Əliyev bildirdi ki, oradan çox müsbət mesajlar da alırıq. Bu, olduqca ciddi məsələdir"

Politoloqun sözlərinə görə, Minsk qrupu və status məsələlərinin gündəmə gətirilməsi sadəcə Ermənistanın işi deyil:

"Görünür, tərəflərin maraqları hər hansı məsələlərdə kəskin şəkildə üst-üstə düşməyəndə Ermənistana ultimatum gedir ki, yenə müəyyən məsələləri gündəmə gətirin, daxildə aranı qızışdırın, şoular təşkil edin, ya da hər hansı ritorikanı canlandırmaqla daxildəkiləri sakitləşdirin.

Aydın məsələdir ki, Ermənistanda Qərbin və Rusiyanın nüfuz dairəsi toqquşur. Rusiya bölgədə nəzarətini saxlamaq məqsədilə tərəflər arasında həll ediləcək məsələlərdə yalnız öz dominant rolunu qorumağa çalışır. ABŞ ümumilikdə Qərb bloku Rusiyanın dominantlığını tam aradan çıxarda bilməsə, ciddi olaraq azaltmağa, regiona mümkün qədər yerləşməyə çalışır. Bu məqsədlə bütün alətlərdən və aktorlardan istifadə olunur.

Qalib tərəf Azərbaycandır, şərtləri də biz diktə edirik. Azərbycan qətiyyətli addımlar atır. Ermənistan da öhdəlikləri icra etməlidir. Əsas odur ki, proses dayanmayıb, davam edir. Mayın 22-də Brüsseldə yenə görüş olacaq. Delimitasiya və demarkasiya ilə bağlı komissiyanın tərkibi də məlumdur. Yəni, çətinliklə və aşağı sürətdə olsa da, iş gedir. Brüssel görüşündən sonra məsələlərin icrasına bir addım daha yaxınlaşılacaq".