Kobaxidze: Gürcüstanın bütövlüyünü bərpa etmək olar
Gürcüstanın baş naziri İrakli Kobaxidze oktyabrın 11-də bəyan edib ki, “respublikanın ərazi bütövlüyünü sülh yolu ilə bərpa etmək tamamilə mümkündür”.
“O ki qaldı ərazi bütövlüyünün bərpasına, bu, ictimaiyyət qarşısında danışmaq çətin olan mövzudur. Çox nüanslar var, çox şey regional və qlobal vəziyyətin dəyişməsindən asılı olacaq, lakin müsbət tendensiyalar üçün bütün resurslar var. 1988-ci ildə genişmiqyaslı dissident hərəkatı başladı və o vaxt da heç kim Sovet İttifaqının dağılacağına inanmırdı, lakin 1991-ci ilin sonunda Sovet İttifaqı dağıldı. Bu tip proseslərdən çox şey asılı olacaq. Hesab edirəm ki, Gürcüstanın ərazi bütövlüyünü sülh yolu ilə bərpa etmək tamamilə mümkündür. Bütün səylərimiz bu iki milli vəzifənin həllinə - yoxsulluğun aradan qaldırılmasına və ərazi bütövlüyünün bərpasına yönəldilməlidir. Əsas odur ki, praqmatik siyasət, ardıcıllıq, sakit qalmaq və səbir nümayiş etdirməkdir. Bu vəziyyətdə hər şey tamamilə realdır”, deyə Kobaxidze bildirib.
Dünən, oktyabrın 10-da Batumidə keçirilən mitinqdə “Gürcü arzusu” partiyasının sponsoru Bidzina İvanişvili bir daha bəyan etmişdi ki, “Gürcüstanın ərazi bütövlüyünün sülh yolu ilə bərpası hər an yarana bilər”.
Ülviyyə, Hurriyyet.az