“Köçəryan və Sarkisyan, haradasız, niyə səsiniz çıxmır? – “Bunların hamısı Rusiya FTX-sının agentləridir”
“Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, Samvel Şahramanyan, bu dördü cavab verməlidir və məhkəmə qarşısında dayanmalıdır, onlar 22 deputatları ilə “artsaxı” dağıtdılar”.
Hurriyyet.az xəbər verir ki, bunu Xankəndidə Azərbaycan ordusu tərəfindən məhv edilmiş cinayətkar rejimin keçmiş “müdafiə naziri” Samvel Babayan erməni “Teleqram” kanallarından birinə deyib.
Babayan iddia edib ki, Arayik Arutyunyan Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) 5-ci idarəsinə qondarma rejimin keçmiş “prezidentləri” və onların digər agentləri tərəfindən aldadıldığını bildirərək istefa verib. Onun sözlərinə görə, Arutyunyanın devrilməsi Rusiya FTX-sı tərəfindən həyata keçirilib.
“Bu insanlar içimizə atılmış desant qruplartıdır, meymunlardır, üçüncü ölkələrin casuslarıdırlar”,- o, əlavə edib.
Babayan onun da iddia edib ki, Rusiya öz agenti Ruben Vardanyanın Azərbaycandan çıxarılması xahişi ilə Bakıya müraciət edib: “Mənim əldə etdiyim razılaşmaya əsasən, “artsax”ın bütün hərbi texnikası Ermənistana verilməli idi. “Hakimiyyəti” ələ keçirən cinayətkarlar onun hamısını Azərbaycana veriblər. Ermənistan hakimiyyəti bu şəxslərin bütün əmlakını yerlə-yeksan etməlidir, buna borcludur”.
Babayanın sözlərinə görə, hər kəs əmin idi ki, Qarabağda Rusiya sülhməramlıları olduğundan Azərbaycan güc tətbiq etməyəcək. “Yalnız mən dedim ki, güc tətbiq olunacaq, çünki başqa çıxış yolu yoxdur. Ona görə də Azərbaycanla birbaşa danışıqlar aparmaq lazımdır. Qulaq asmadılar. Yeni “prezidenti” fəxrlə təbrik edən Robert Köçəryan və Serj Sarkisyan, niyə indi səsiniz çıxmır? Deyəcək bir sözünüz qalıb?”, - sual edib.
Babayan daha sonra vurğulayıb ki, Ermənistan müxalifəti də xarici qüvvələrə və xarici kəşfiyyat xidmətlərinə xidmət edir: “Rusiya anlayır ki, Ermənistanı itirməklə Cənubi Qafqazı, Mərkəzi Asiyanı itirəcək, Şimali Qafqazda münaqişələr başlayacaq. Ona görə də onu boğmağa və nəyin bahasına olursa olsun Paşinyanın xarici siyasi kursun qarşısını almağa çalışır”.
“AzPolitika.info”