Komitə rəsmisindən AÇIQLAMA: boşanmaya ilkin səbəb məişət izorakılığıdır, ikinci amil isə...
Cari ilin ilk dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 13 min 859 nikah qeydə alınıb. Hurriyyet.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda deyilir.
Qeyd olunub ki, həmin dövrdə 6 min 933 boşanma qeydə alınıb:
“Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,5-dən 4,1-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb”.
İnsanlar fikir ayrılığı, iqtisadi vəziyyətin uyğun olmaması, ailədaxili şiddətin yaranması və s. səbəblərə görə boşanır. Bəs niyə boşanma sayı getdikcə artır? Problemin həll yolu nədir?
Mövzu ilə bağlı “Hürriyyət.az”a açıqlama verən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dölət Komitəsi nümayəndəsi, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov bildirir ki, rəsmi boşanmalarda çox vaxt xasiyyətlərin bir-birinə uyğun olmaması qeyd olunur. Təxminən hər il göstərici dəyişir, səbəb olaraq bunu 40-50 faiz arası göstərirlər.
“Hər il keçirdiyimiz yoxlamalar nəticəsində başqa səbəblər müəyyənləşir. Hansı ki, konfidensial araşdırma zamanı sorğuda iştirak etmiş vətəndaşların adları açıqlanmır. Belə halda fərdi səbəblər ortaya çıxır, nəyin ki, rəsmi. Məlum olur ki, ilkin səbəb məişət zorakılığıdır, xüsusilə qadınlara qarşı zorakılıqdır. İkinci amil xəyanətdir. Belə halda sosial şəbəkələr xüsusi rol oynayır, çünki münasibətlər arasında inamsızlıq yarada bilir . Üçünücü sonsuzluq problemidir, bu çox aktuallaşıb. Növbəti pillədə isə alkoqollu içkilərdən, narkotik vasitələrdən, psixotrop maddələrdən və onların prekursorlarından asılılıq durur. Patriarxal stereotiplər və iqtisadi asılılıq qadınları məhdudlaşdırır, boşanma ilə nəticələnə bilir” .
Fəlsəfə doktoru bildirir ki, boşanma səbəbindən yox, boşanmaya gətirən amillərin aradan qaldırılmasından danışmaq daha düzgündür. Cütlüklər ailə qurmadan öncə maddi və mənəvi məsuliyyəti, valideyn olmaq öhdəliyini düşünməlidirlər.
“Həmçinin gənclər üçüncü tərəfin, yəni valideynlərin, qohumların, tanışların hər şeyə müdaxilə etməsinə imkan verməməlidir. Təəssüf ki, bizim ölkədə ailə qavramı başqa cürdür, cütlüklərə problemlərin həlli üçün şərait yaradılmır”.
Elgün Səfərovun fikrincə, boşanmaya səbəb olan qohum evlilikləri, uşaq nikahları və selektiv abortlar məsələsi ilə bağlı maarifləndirici işlər aparılmalıdır.
“Bu yaxınlarda 2 qanunla bağlı dəyişilik nəzərdə tutulur: uşaq nikahlarının aradan qaldırılması və qohum evliliklərinin ləğv olunması. Ölkədə yerli icra hakimiyyətinin rəyi ilə nikah yaşından, yəni 18 yaşdan bir rəqəm aşağı evliliyə icazə var. Ancaq Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin təklifi var ki, bu imtiyaz yığışdırılsın, nikahın yalnız 18 yaşda rəsmiləşdirilməsinə icazə verilsin. Bu da BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsi və Uşaq Hüquqları Komitəsi tərəfindən Azərbaycan hökümətinə 2022 və 2023-cü ildə tövsiyə edilmişdir”.
Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dölət Komitəsi nümayəndəsi Elgün Səfərov məhkəmə qərarıyla boşanma prosesi ilə bağlı keçən il verilən qərarların 2024cü ildə qüvvəyə mindiyini bildirir. Məsələn, əmlak bölgüsü, uşaq bölgüsü və s . boşanma sayına təsir edən məqamlardır. Hüquq üzrə fəlsəfə doktoru ümumi nümunə üçün builki rəqəmlərin 2023-cü ildəki göstəricilərlə müqayisə edilməsini daha məqsədəuyğun hesab edir.
Cəmilə, Hurriyyet.az