📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Kommersiya mübahisələri artıq mediasiyaya gəlməyəcək" - FƏRHAD MEHDİYEV

2023-12-21 11:48:43

"Hər bir halda problemli bank kreditlərini çıxmaq şərtilə, kommersiya mediasiyaları uğurludur, istər məcburi, istərsə də könüllü qaydada onları mediasiyaya gətirməkdə fayda var"

"Kommersiya mübahisələri artıq mediasiyaya gəlməyəcək. Niyəsini hələ də anlamış deyiləm, ehtimal budur ki, ödənilməyən bank kreditlərinə dair mediasiya işlərində barışıq sazişlərin marjinal sayda olması, kommersiya mediasiyalarının uğursuzluğu kimi qiymətləndirilib. Əgər belədirsə, buna etiraz etməli olacam". Hurriyyet.az xəbər verir ki, bunu beynəlxalq hüquq üzrə professor, politoloq Fərhad Mehdiyev bildirib.

Professorun fikrincə, dorğu olan biznes kreditlərindən yaranan mübahisələri məcburi mediasiyadan çıxartmaq olardı: "Çünki şirkətlər arasında olan deyək ki, podryad müqavilələrinin icrasından yaranan mübahisələrdə mediasiya çox uğurlu idi. Tərəflər gəlirdilər, ciddi müzakirələr aparılırdı və barışıqların nisbəti də 50 faizi keçərdi. Dünyaya baxdığımızda, İngiltərədə kommersiya mübahisələrində də mediasiya nəticəsində 92 faiz barışıq nisbətləri var. Amerikada da bu nisbət çox yüksəkdir. Almaniyada məhkəmə hakimləri kommersiya mübahisələrində tərəfləri barışığa yönləndirmə adəti olduğuna görə, Almaniyada kommersiya mübahisələrinin mediasiyada həlli məcburi deyil, sayı da azdır. Fransada da hakim qərar verəndə ki, məsələ mediasiyalıqdır, tərəfləri yollayır mediasiyaya. Amerikada əsas aparıcı hüquq büroları kommersiya mübahisələrini mediasiyaya götürməyi üstünlük verir".

Fərhad Mehdiyevin sözlərinə görə, hər bir halda problemli bank kreditlərini çıxmaq şərtilə, kommersiya mediasiyaları uğurludur, istər məcburi, istərsə də könüllü qaydada onları mediasiyaya gətirməkdə fayda var: "Birdə, hörmətli vəkillər, özünüzü mediasiyada sınayın - nə qədər yaxşı danışıqçısınız, hüquqi "bazarlıq" aparma qabliyyətiniz necədir?"

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az