📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kommunist “fürerlərin” kölələri və onların törəmələri

2022-02-01 10:06:00

Kommunist “fürerlərin” kölələri və onların törəmələri

 

Misilsiz qələbə qazanmış gəncliyimizə illər boyu Moskva irticasına xidmət etmiş titullu, orden-medallı qələm zinakarları lazım deyildir...

Məmləkət böyük sarsıntılara məruz qalan vaxtda əgər cəmiyyətdə cinayətlər baş alıb gedirsə, deməli ortada nə əməlli başlı ideologiya var, nə də nüfuzlu ziyalı zümrəsi, nə də namuslu hakimlər...

Əcəb günlərə gəlib çıxdıq... Vaxtilə millət atası sayılmış H.Z. Tağıyevə şəhərin ən gözəl yerində heykəl qoyulur və... iki gün keçməmiş iki şərəfsiz ona xətər yetirir. Sağ olsun Bakı polisi, onları fövrən tapır... Onlara hansı cəzanın verilməsi məni o qədər maraqlandırmır, məni yandıran odur ki, son illərdə elə tükürpədici əməllərlə üzləşmişik ki, adam mat-məəttəl qalır. Onların sayı-hesabı yoxdur, özü də bizi xaçpərəst yadelli qarşısında başıaşağı, xəcil edən əmələr Sumqayıtda 72 yaşlı bir qoca kaftar (başqa söz tapa bilmirəm) peyğəmbər nişanəli bayrağımızı əskiyə döndərib maşın təmizləyir. Burada da yenə polis işə qarışır... Qonum-qonşu qeyrət yiyəsi olsaydı, bu əbləhin üzərində Linç məhkəməsi qurmalı idi...

İnternetə baxmıram, üç infarkt alana belə şeylərə baxmaq yasaq edilib. Hər həftənin cümə günü isə rus dilində nəşr edilən qəzet proqramlarını izləyirəm. İlahi, biz hansı ölkədə yaşayırıq, bu nə kütləvi psixozdur? Timur Rzayevin məqalələrini sakit oxumaq qətiyyən mümkün deyil. Başqa mənbələrdən də imkan olanda məlumat alıram... Belə təəssürat yaranır ki, ölkədə hamı bir-birinə qənim kəsilib. Körpələrə də təcavüz edirlər, nə ağbirçəyə hörmət var, ağsaqqala...

Məmləkət böyük sarsıntılara məruz qalan vaxtda əgər cəmiyyətdə cinayətlər baş alıb gedirsə, deməli ortada nə əməlli başlı ideologiya var, nə də nüfuzlu ziyalı zümrəsi, nə də namuslu hakimlər. Ölkənin mənəvi, ideoloji təhlükəsizliyinin təmin olunması əsasən qeyrətli ziyalıların işidirsə, əsas məsuliyyət hakim partiyanın üzərinə düşür. Ərsəyə çatmış bizim gənclik üçün YAP-ın yağ-bal içində üzən “fürerləri”, məddah ideoloqları heç bir vaxt örnək olmayıb, olmayacaq da.

44 günlük müharibə çox mətləblərə işıq saldı, gəncliyin təfəkküründə inqilab yaratdı. Amma, bununla belə, mınfur keçmişin lakey ideologiyası hələ də özünü göstərir. On illər boyu Moskvanın bütün fərmanlarını müticəsinə yerinə yetirərək doğma xalqının zombiləşməsi üçün əllərindən gələni edənlər və bunun müqabilində də ənamlara, fəxri adlara, orden, medallara layiq görülmüş “ustadlara”, “korifeylərə” mədhiyyələr deyilir. Əsərləri çoxdan tarixin zibilliyinə atılmış “danosbaz” qələm sahiblərinin unudulmaması üçün hər şeyi edirlər.

Çoxdandır Flora Xəlilzadə adlı bir “tədqiqatçı” şərlənib məhv edilmiş günahsızları əsl satqınlarla tərəzinin bir gözünə qoyaraq onu da tərifləyir, bunu da. Müstəmləkə ədəbiyyatı xadimlərinin ünvanlarına yersiz mədhlər yağdıranlara məsləhətim budur ki, Səməd Vurğundan başlamış Süleyman Rəhimova qədər tanınmış qələm ərbabının ötən əsrin 30-cu illərindən başlamış 60-cı illərə qədər müxtəlif məcmuələrdə dərc olunmuş yazılarını oxusunlar. İmkan olsa Yazıçılar İttifaqının partiya iclaslarının protokollarını (əgər icazə versələr) gözdən keçirsinlər. Bəli, əsl “danoslar” Moskvaya aparılıb, istintaq materialları və məcmuələrin bir qismi qalıb. Kommunist diktaturasına sədaqətlə qulluq edənlərin həmin illərdə nəşr olunmuş kitabları da qalıb(Onların da əksəriyyəti  “koriofeylərin” qohum-əqrəbasının, yetirmələrinin əlləri ilə o ki var redaktə edilib).

...Pis-yaxşı, hər halda yeni əsərlər yazılır, gənclərin təşəbbüskarlığını buxovlayan göstərişlər demək olar ki, yoxdur, internet vasitəsi ilə istənilən məlumatı almaq mümkündür, xalq qəddini dikəldib və s. Soruşuram, vaxtı ilə Əhməd Cavada düşmən olduğunu fəxrlə dilə gətirə-gətirə onun şah əsərini oğurlayıb öz adına çıxan, millətimizin qatı düşmənlərini tərifləməkdən həzz alan nakəsin təzədən ağac başına çıxarılması kimə və nəyə lazımdır?

Şuşanın azad olunması bütöv bir qəhrəmanlıq dastanıdır. Qorxu-hürkü bilməyərək düşmən üzərinə  “Ya Allah!”, “Allahu-Əkbər!” hayqırtısı ilə şığıyan, sonra da əsl türk qazısı kimi Gövhər ağa məscidində səccadəyə əyilən igid hara, Hüseyn Cavidə xalq düşməni deyib,  “Xəbərdar eyləyin Ərəbistanı, təndirdə yandırdı anam Quranı!” sözlərini yazan S.Vurğun hara?

Hamı yaxşı bilir ki, 70 il ərzində bizim ədəbiyyat knyazlarının, bivec filoloq və tənqidçilərin vətənpərvərlərik həddini, çərçivəsini Mərkəzi Komitənin adi təlimatçıları müəyyən edirdilər. Tarixi şəxsiyyətlər barədə direktiv belə idi, bu filanlar təriflənir, bunlar ateist kimi göstərilir, qabağına “quş” qoyulanları isə yıxıb sürümək vacibdir... Vəssəlam, bununla məsələ bitirdi.

Partiya “fürerlərinin” bütün göstərişlərinə “Bəçeşm!” deyənlərin ssenariləri qəbul edilir, kitabları buraxılır, fəxri ad yiyəsi olurdular. Pul var, hörmət-izzət öz yerində, yeni mənzil, maşın almaq imkanı da yaranıb, belə yerdə Nizamini, Nəsimini ateist kimi qələmə vermək nə çətin iş imiş. Ədəbiyyat tarix institutlarının alimlərinin ağızları nə idi ki, Mərkəzi Komitənin bəyəndiyi ssenarinin əleyhinə çıxsınlar? Bizim bütün psevdotarixi filmlər – “Dədə Qorqud”, “Nəsimi”, “Nizami” və s. belə üsulla gəliblər. Flora Xəlilzadə kimi “ədəbiyyat biliciləri” hələ indiyə qədər başa düşməyiblər ki, psevdotarixi filmlər qədər milli şüurumuza, mənliyimizə zərbə vuran ikinci qüvvə yoxdur.

...Şəhidlərin məzarları, abidələr gül-çiçək  içindədir. İgidlər həm behiştə getdilər, həm də Vətən torpaqlarını güllər, bayraqlarla bəzədilər. Analar, atalar  Vətən, namus uğrunda şəhadətə çatmış balaları ilə fəxr edirlər. Bunu hər xalq bacarmaz! Müzəffər Prezidentin çıxışlarına söz ola bilməz. Belə bir şəraitdə, belə mühitdə uzun illər sosializm ideyalarına canla-başla qulluq edərək millətin tarixinə, dininə, imkanına, bakirə mədəniyyətinə sağalmaz yaralar vurmuş şəxslərin adlarını çəkmək, onların riyakarlıqla yoğurulmuş əsərlərinə istinad etmək küfrdən başqa bir şey deyildir. Kiminsə tapşırığı ilə müstəmləkə ədəbiyyatının indi çoxunun unutduğu simaların təzədən reanimasiya edilməsi bihudə zəhmətdir. Misilsiz qələbə qazanmış gəncliyimizə illər boyu Moskva irticasına xidmət etmiş titullu, orden-medallı qələm zinakarları lazım deyildir.

Yeri gəlmişkən, burada Rza bəyin təbirincə desəm, “bir qaç kəlmə söz ifadəsinə əşəddi ehtiyacım vardır”. Flora xanım, indi ki Sizə telekanala çıxıb düzüb-qoşmaq ixtiyarı veriblər, onda zəhmət olmasa Müşfiqi, Mümtazı, Əhməd Cavadı, Seyid Hüseyni və digər nurlu şəxsiyyətləri keçi qiymətuinə satanların adlarını açıqlayın. Hüseyn Cavidə “xalq düşməni” deyən və hətta ittiham, təhqir dolu şeir yazan S.Vurğun deyildimi? Bakıda, Şamaxıda on minlərlə müsəlmanı qətlə yetirən “komissarlara” kino-ssenari həsr edən İsa Hüseynov deyildimi? Dünyanın düz vaxtında belə, Sabir Əhmədovu, Xəlil Rza Ulutürkü divara qısnayanların adlarını niyə çəkmirsiniz? Qorxursunuz, çünki məhz o məşum illərdə kommunist “fürerlərin” bütün əmrlərini müticəsinə yerinə yetirib ağ görənlərin törəmələri, yaxınları bu dəqiqənin özündə söz sahibidirlər. İqtidar onların başına çoxdan əl çəkib, yəni siz də sələfləriniz kimi olsanız uduzmazsınız.

Mən isə nə Sovet hakimiyyəti dövründə qorxmuşam, nə də indi. Amma bir fərq var, Lenini söydüm, o qədər də böyük cəza almadım, müstəqillik dövründə isə fırıldaqçını, saray məddahını ifşa etdim, çörəyimə toxunub, hətta məni qocalıq təqaüdümdən də məhrum etdilər.

Firuz HAŞIMOV