📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Konqresdə ermənipərəst çağırış – türk dronları təşvişə saldı

2021-08-11 16:48:00

Konqresdə ermənipərəst çağırış – türk dronları təşvişə saldı

Türkiyə silahlarının Qarabağ və Liviyadakı uğurundan sonra dron texnologiyalarının ixracının dayandırılması tələb olunur: “ABŞ-ın mənafeyini təhdid edir”

Hurriyyet.org Türkiyənin “Milliyet” nəşrinə istinadən xəbər verir ki, ABŞ-ın Xarici İşlər naziri Entoni Blinkenə məktub yazan 27 nəfər Konqres üzvü Türkiyənin istehsal elədiyi dronların ABŞ-n mənafeyini təhdid elədiyini iddia edib: “Silahlı Pilotsuz Uçuş Aparatlarının Qafqaz, Cənubi Asiya, Şərqi Aralıq dənizi, Yaxın Şərq və Şimali Afrikadakı qeyri-sabit vəziyyəti daha da gərginləşdirməsi potensialı nəzərdən qaçırılmayacaq qədər böyükdür. ABŞ-dan Türkiyəyə dron texnologiyası ixracatı dərhal dayandırılmalıdır”.

Müraciəti həm Respublikaçılar, həm də Demokratlar partiyasından olan 27 nəfər konqres üzvü imzalayıb.

İki səhifəlik məktubun ilk cümləsi xüsusi diqqət cəlb edir: “Bizlər Türkiyənin ABŞ-ın mənafelərini, müttəfiqlərini və tərəfdaşlarını təhdid edən, yer üzünün bir çox regionunda qeyri-sabitliyə səbəb olan Silahlı Pilotsuz Uçuş Aparatı (SPUA) proqramı məsələsi ilə bağlı narahatlığımızı ifadə eləmək üçün yazırıq”.

Məktubda ABŞ ilə Türkiyə arasında hərbi sənaye sahəsində onlarla illik əməkdaşlığa rəğmən Ankaranın Rusiyadan S-400 HHM sistemlərini alması ilə bağlı Vaşinqtonun tətbiq elədiyi sanksiyalar xatırladılıb. Türkiyənin F-35 proqramından çıxarılmasına rəğmən, Rusiyadan ikinci dəfə S-400 sistemləri almaq niyyətində olduğu bildirilib.

27 konqresmenin imzaladığı müraciətdə ötən ilin 27 sentyabr tarixində Qarabağda başlanan Vətən müharibəsi zamanı Azərbaycana dron tədarükü məsələsinə də toxunulub. Həmçinin, Liviyadakı daxili müharibədə türk dronlarından istifadədən bəhs edilib.

Məktubda silahlı dronların Polşa ilə Pakistana satışı barəsində razılaşma əldə edildiyi, Rusiya və Pakistan ilə birgə silahlı PUA və dronəleyhinə texnika istehsalı ilə bağlı danışıqlar aparıldığı bildirilir.

Bu günlərdə “Wall Street Journal” nəşrində dərc edilən yazıda ABŞ ordusunun təqaüddə olan general-leytenantı Maykl Naqatanın “dronların Türkiyə ilə ABŞ və NATO arasındakı münasibətlərin gələcəyi ilə bağlı çox böyük bir çətinliyin bir hissəsi” olduğunu söylədiyi dərc edilmişdi.

Blinkenə göndərilən məktubda Qarabağdan gələn dəlillərə əsasən, Bayraktar TB2 dronlarının Amerika texnologiyası və ehtiyat hissələri ilə istehsal edildiyi iddia edilir. Amerikalı siyasətçilər Türkiyəyə texniki transferin CAATSA sanksiyalarına zidd olduğunu iddia ediblər. Xarici İşlər naziri Entoni Blinkendən Türkiyə dronları ilə bağlı ətraflı məlumatlandırma iclası keçirməsini tələb edən 27 Konqres üzvü ABŞ-ın PUA istehsalında istifadə edilən hissələrin Türkiyəyə ixracatını dərhal dayandırmasını tələb edib.

Məktubu imzayanlar arasında olan demokrat Devid Çiçilline ilə respublikaçı Qas Bilirakis iyul ayında da bənzər məktubla müraciət edərək Türkiyəyə dron texnologiyalarının ixracının dayandırılmasını tələb eləmişdilər.

Məktubu imzalayan digər şəxslər bunlardır: Colin Allred, Don Bacon, Judy Chu, Ted Deutch, Brian Fitzpatrick, Chuck Fleischmann, Al Green, Raja Krishnamoorthi, Barbara Lee, Zoe Lofgren, Carolyn Maloney, Brian Mast, James McGovern, Grace Meng, Frank Pallone, Chris Papas, John Sarbanes, Adam Schiff, Brad Schneider, Brad Sherman, Jackie Speier, Dina Titus, Norma Torres, David Valadao ve Michael Waltz.

Məktubu göndərən Konqres üzvləri arasında Türkiyəyə qarşı Ermənistan ilə Yunanıstanı açıq şəkildə dəstəkləyən şəxslərin olması diqqəti cəlb edir. “The Armenian Weekly”  nəşri isə bu xəbəri “27 amerikalı deputat Türkiyənin pilotsuz uçuş aparatı proqramı üçün istintaq aparılmasını tələb edir” başlığı ilə verib.