“Konqresin hərəkətə keçməsi çox vacibdir...” – ABŞ-dən Rusiya və Ukraynaya mühüm mesajlar
"Bizim maliyyə vəsaitimiz tükəndi, amma bilirik ki, Ukraynanı dəstəkləməyə davam etməliyik. Onların hər gün davam edən amansız rus təcavüzünə qarşı mübarizəni davam etdirmək üçün bu köməyə ehtiyacları var, yalnız ona arxalanırlar. Beləliklə, Konqresin özünü müdafiə etməyə çalışan bu demokratiyanı maliyyələşdirməyə davam etmək üçün hərəkətə keçməsi vacibdir".
Hurriyyet.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
O, vurğulayıb ki, insanlar tez-tez bu müharibədə real nəticələrin və Vladimir Putinin əsl məqsədinin nə olduğunu, Ukraynanın əslində nəyə nail olduğunu və nəyə nail olmaqda davam etdiyini unudurlar: "Unutmayın ki, Putin bu işğalçı müharibəni hökuməti devirmək və Ukraynanı ələ keçirərək Rusiyaya birləşdirmək niyyəti ilə başlamışdı. Hamı indi bunu normal qəbul edir, amma Ukrayna nəinki bunun qarşısını ala bildi, həm də müharibənin ilk həftələrində Rusiyanın ələ keçirdiyi ərazilərin təxminən yarısını geri qaytardı. Hətta son bir neçə həftə ərzində onlar döyüş meydanında irəliləyiş əldə etməyə davam edirlər. Yadınızdadırsa, keçən ilin yayında biz Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsündən çıxdığı zaman çətinliklərdən danışmışdıq və görünürdü ki, Ukrayna taxıl ixracını davam etdirə bilməyəcək. Ukraynanın Qara dəniz dəhlizinin açılmasında və Rusiya donanmasının Qara dənizin müəyyən ərazilərindən çıxarılmasında əldə etdiyi uğurlar sayəsində onlar indi öz iqtisadiyyatları üçün vacib olan taxıl ixracını davam etdirə bilirlər.
Beləliklə, döyüş meydanında hadisələr fərqli şəkildə inkişaf edəcək, tərəflərin nə qədər ərazi qazandığını və ya itirdiyini görəcəksiniz. Amma bu müharibənin son nəticələrinə nəzər saldıqda aydın olur ki, Ukrayna bu müharibədən müstəqil, güclü, təkmilləşmiş və qərbyönümlü iqtisadiyyatla çıxacaq. Halbuki, Rusiya əvvəldən təkcə Şərqi Ukraynanı deyil, bütün Ukraynanın özünün bir parçası olacağını hədəfləmişdi".
Miller qeyd edib ki, ABŞ lazım olduğu qədər Ukraynanı dəstəkləməyə davam edəcək. "Bu o demək deyil ki, biz onları davamlı olaraq 2022 və 2023-cü illərdə etdiyimiz hərbi maliyyələşdirmə səviyyəsində dəstəkləyəcəyik. Biz bunun lazım olduğunu düşünmürük, çünki məqsəd son nəticədə Ukraynanın ayağa qalxmasına və öz sənaye və hərbi sənaye bazasını qurmasına kömək etməkdir. Ki, o, öz sursatlarını istehsal edə bilsin. Amma biz hələ ora gəlib çatmamışıq, ona görə də Konqresin əlavə maliyyələşdirmə ilə bağlı qanun layihəsini qəbul etməsi çox vacibdir. Çünki biz hələ Ukraynanın yalnız öz gücünə əsaslanaraq özünü müdafiə edə biləcəyi mərhələdə deyilik", - ABŞ rəsmisi vurğulayıb.
Rasim Əliyev
"AzPolitika.info"