Konstitusiya Məhkəməsinin kollektivi "44" filmini izlədi
Noyabrın 13-də Konstitusiya Məhkəməsinin rəhbərliyi, hakimləri və Aparatın məsul əməkdaşları “Azərbaycan” kinoteatrında nümayiş olunan nəhəng kinematoqrafiya layihələrindən biri olan “44” bədii filminin nümayişində iştirak ediblər.
Modern.az Azərbaycan xalqının Vətən müharibəsində nümayiş etdirdiyi misilsiz qəhrəmanlığı, milli birliyi, sarsılmaz iradəsini və tarixi Zəfərə aparan şanlı mübarizəsini əks etdirən film iştirakçılarda dərin emosional təəssürat yaradıb.
Filmin nümayişi 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətini, Azərbaycan xalqının azadlıq və suverenlik uğrunda mübarizəsinin mahiyyətini, gənc nəslin vətənpərvər ruhda yetişməsini, torpaqlarımızın işğaldan azad edilməsi naminə qəhrəmanlıq göstərən Azərbaycan əsgər və zabitlərinin şərəfli döyüş yolunu bir daha ehtiramla xatırlamaq baxımından xüsusi məna daşıyır.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun qazandığı möhtəşəm Zəfər xalqımızın milli qürurunun, dövlətimizin qüdrətinin və ərazi bütövlüyümüzün bərpasının rəmzinə çevrilib. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində dövlət suverenliyimizin ölkəmizin bütün ərazilərində tam bərpa edilməsi isə Azərbaycan dövlətçiliyinin tarixində yeni və şanlı mərhələnin başlanğıcını müəyyən edib.
Filmin nümayişi müasir tariximizin ən mühüm hadisələrinə ehtiramın ifadəsi, milli-mənəvi dəyərlərin, vətənpərvərlik ruhunun və dövlətçilik ənənələrinin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq Vətən müharibəsi və tarixi Zəfər milli birliyimizin, dövlətçilik iradəmizin və azadlıq əzmimizin təntənəsi olmaqla, gələcək nəsillər üçün qəhrəmanlıq, fədakarlıq və Vətənə sədaqət nümunəsidir.