📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Koreyadan Əfqanıstana qədər - Tarix ABŞ hərbi hegemonluğunun işləmədiyini göstərdi - ŞƏRH

2021-09-02 11:40:00

Koreyadan Əfqanıstana qədər - Tarix ABŞ hərbi hegemonluğunun işləmədiyini göstərdi - ŞƏRH

İkinci dünya müharibəsindən sonra Amerika liderləri ölkənin rəqiblərini qorxudacaq və Vaşinqtonun maraqlarının irəliləməsinə kömək edəcək böyük və güclü bir orduya ehtiyacı olduğuna qərar verdilər. 

Hurriyyet.az xəbər verir ki, “The New York Times” qəzetinin siyasi şərhçisi Ceremi Suri düşünür ki, tarix Koreya, Vyetnam, İraq və Əfqanıstanda ardıcıl uğursuzluqlarla göstərdi ki, böyük resurslar tələb edən hərbi hegemonluq arzulanan məqsədlərə çatmaq üçün heç də əlverişli olmadı.

“Amerika Birləşmiş Ştatları tarixinin çox hissəsində dinc dövr üçün kiçik ordusu olan böyük ölkə olmuşdur. Ancaq bu vəziyyət ikinci dünya müharibəsi ilə əbədi olaraq dəyişdirildi. Sonra Amerika liderləri “yeni qlobal öhdəliyin” nüvə arsenalına malik güclü ordu və dünyanın hər yerində hərbi bazalar şəbəkəsi tələb etdiyinə qərar verdilər”, - deyə Ostindəki Texas Universitetinin tarixçisi Ceremi Suri “The New York Times” üçün yazdığı məqalədə bildirir.

“Onlar böyük hərbi potensialın yeni dünya müharibəsinin qarşısını alacağına, rəqibləri qorxudacağına və xarici dövlətləri istədiyimizi etməyə sövq edəcəyinə ümid edirdilər” - deyə izah edən Suri buna baxmayaraq, “hərbi hökmranlığın” arzuolunan üstünlüyü vermədiyini iddia edir: “Amerikanın 20 illik səyindən və milyardlarla dollar xərcləməsindən sonra Əfqanıstanda dəstəklədiyi hökumətin süqutu uzun uğursuzluq tarixinin ən son nümunəsi oldu”.

Tarixçiyə görə, Əfqanıstandakı müharibə uğursuz müdaxilədən daha artıqdır və qlobal hərbi üstünlüyün Amerika maraqları üçün heç də məhsuldar olmadığını göstərdi. “Bu hərbi hegemonluq qələbədən daha çox məğlubiyyətlə nəticələndi, ölkədə və xaricdə demokratik dəyərlərə xələl gətirdi”, -  deyə Suri düşünür.

Hərbi gücə güvənmək vərdişi ABŞ-ı dəfələrlə dünyanın ucqar hissələrində - Vyetnam, Livan, İraq, Əfqanıstan və digər ölkələrdə uzunmüddətli bahalı münaqişələrə cəlb etdi. Müəllifə görə, Amerika liderləri diplomatik və siyasi fəaliyyətin olmamasını kompensasiya etmək üçün təkcə hərbi üstünlüyün kifayət edəcəyinə inanırdılar. “Ancaq zaman-zaman döyüş sahəsindəki uğurlara baxmayaraq, ordumuz qarşısına qoyulan məqsədlərə çata bilmədi”, - deyə analitik xatırladır.

Koreya müharibəsi zamanı Amerika hərbi gücünə həddindən artıq güvən prezident Harri Trumeni Şimali Koreyaya ordu göndərməyə və Çinlə sərhədə yaxınlaşmağa inandırdı. Ancaq bu, Koreya yarımadasını birləşdirmək əvəzinə müharibəni daha da şiddətləndirdi və münaqişəni uzatdı. Və indi, Amerika qoşunlarının Koreyaya girməsindən yetmiş il sonra Pxenyandakı kommunist rejimi güclənib və nüvə arsenalını inkişaf etdirməyə davam edir.

“Vyetnam hadisəsində “ən yaxşı və ən ağıllı” mütəxəssislər prezident Lindon Consonu ABŞ ordusunun müqavimət dəstələrini darmadağın edəcəyinə və anti-kommunist qüvvələrə dəstək verəcəyinə inandırdılar. Əslində ABŞ-ın hərbi müdaxiləsi rəqiblərin populyarlığını gücləndirdi və Cənubi Vyetnamın Amerikadan asılılığını artırdı. Beləliklə, 1975-ci ildə Şimali Vyetnamın hücumundan sonra Amerikanın təlim keçdiyi müttəfiq qüvvələr məğlub oldu – bu, indi Əfqanıstanda baş verənlərə çox bənzəyir”, - deyə Suri iddia edir.

Tarixçinin vurğuladığı kimi, burda günah Amerika ordusunda deyil, missiyanın özündədir. Etibarlı təmsilçilik sistemi və effektiv idarəetmə institutlarının yaradılması ordunun vəzifəsinə daxil deyil. Sabit cəmiyyətlərdə dinc ticarət, təhsil və vətəndaş iştirakının təməlləri olmalıdır. Tarixin göstərdiyi kimi, hərbi varlıq cəmiyyətlərin siyasi inkişafına mane olur və onları militarizmə və ciddi nəzarətə sövq edir. “İkinci dünya müharibəsindən sonra Almaniya və Yaponiyada olduğu kimi, xarici əsgərlərin gəlişindən əvvəl də dövlət qurumlarının olduğu yerlərdə Amerika hərbi müdaxiləsi ən yaxşı şəkildə işləyirdi”, - deyə tarixçi düşünür.

Amerika liderləri orduya güvənməyə alışmışlar, çünki güclüdür və onu səfərbər etmək asandır. Surinin fikrincə, bu qədər güclü hərbi qüvvəyə sahib olma təhlükəsi burada gizlənir: “ABŞ-ın illik hərbi büdcəsi ağlasığmaz 700 milyard dollara çatıb və daha bu pullar çox güman ki, faydalı qurumların inkişafına yox, təyinatı üzrə istifadə ediləcək. Bu o deməkdir ki, məsələn, kimsə xaricdə idarəçi kadrlar hazırlamaq üçün qeyri-hərbi ixtisasa ehtiyac duyduqda ordu yenə də işə qarışacaq, çünki digər agentliklərin eyni resursları yoxdur. Ordu Konqresdən daha çox maliyyə almaq üçün təsirindən istifadə etdiyinə görə problem daha da pisləşir”.

Evdə ordunun genişlənməsi Amerika cəmiyyətini daha çox hərbiləşdirir. Surinin dediyinə görə, hərbi texnikalar indi polis bölmələrində yayılıb, bu da onun orduda çox olmasından irəlı gəlir. Bəzi keçmiş əsgərlər son on ildə sayı artan ekstremist qruplara qoşulur. Müəllifə görə, amerikalıların 10% -dən azı orduda xidmət edib, təsadüfi deyil ki, Kapitoliyə hücumda iştirakda ittiham olunan insanların 12% -i hərbi təcrübəyə malikdir.

Tarixçi ABŞ ordusunun Amerika cəmiyyətinin “ən peşəkar və vətənpərvər hissələrindən biri” olduğunu israr edir. Ancaq problem ondadır ki, hərbi təşkilatlar həddindən artıq çoxalıb və tez-tez ondan sui-istifadə olunur.

“Ordunun edə bilməyəcəyi mövzusunda dürüst olmalıyıq. Vəsaitlərimizi ölkəmizi həqiqətən daha güclü, daha firavan və daha təhlükəsiz edəcək digər təşkilat və agentliklərin inkişafına sərf etməliyik. Ölkəmiz əvvəlki vəziyyətinə qayıtsa, bizim üçün daha yaxşı olar – Amerika dinc dövrdə kiçik ordu ilə böyükdür”,  - deyə Suri fikrini yekunlaşdırır.