KÖRPÜDƏ QAYNAR QAZAN
1918-ci ilin yayında Azərbaycan çevrəsində cərəyan edən istər daxili, istərsə də beynəlxalq vəziyyət Bakının tezliklə azad edilməsini zəruri edirdi. Birinci Cahan cəngindən sonra Azərbaycan, xüsusilə də Bakı, Türkiyə, Almaniya, İngiltərə və Rusiya arasında mübarizənin əsas hədəfinə çevrilmişdi.
May ayında Azərbaycanın İstiqlaliyyəti elan olunduqdan sonra Bakı Soveti və onun icraiyyə orqanı olan Bakı Xalq Komissarları Soveti nəinki milli hökuməti tanımadı, həmçinin mümkün saydığı bütün vasitələrlə ona qarşı mübarizə elan etdi. Bakı Sovetinin özünü heç bir cəhətdən Azərbaycan mühitilə bağlamaması, Azərbaycanın türk əhalisinin öz müqəddəratını təyin etmək hüququnun inkar edilməsi, hətta "Bakinski raboçi" qəzetində bu millətin lağa qoyulması, Bakı və ətraf bölgələrdə 1918-ci ilin martında müsəlman əhaliyə divan tutulması, kommuna ordusunun əsasən ermənilərdən təşkil edilməsi hələ Transqafqaz Seyminin müsəlman deputatlarında ciddi narazılığa səbəb olmuşdu. İstər Bakı Sovetinin və həmçinin silahlı erməni milli korpuslarının törətdiyi cinayətlərdən müdafiə olunmaq üçün Azərbaycan türklərinin Türkiyəyə meylini və rəğbətini xeyli gücləndirmişdi.
Hələ Gəncədə ikən milli hökumətin ən önəmli addımlarından biri 1918-ci ilin ortalarında Azərbaycanda bolşevizm adı altında törədilmiş cinayətləri təhqiq edən Fövqəladə İstintaq Komissiyasının yaradılması oldu. Avqustun 31-də Komissiya təsis edildi və qısa vaxtda Bakı və başqa quberniyalarda törədilən erməni vəhşilikləri barədə çoxsaylı material toplandı.
Yenicə yaranmış Azərbaycan hökuməti hələ Gəncəyə köçməzdən əvvəl Bakı XKS "vətəndaş müharibəsini" yenidən qızışdırıb Gəncə üzərinə yürüşə hazırlaşırdı. İyulun 6-da Bakı kommunasının ordu və donanma işləri üzrə komissarı Q.N.Korqanyan Gəncə üzərinə yürüş etməyə əmr verdi. Burada əsas məqsəd türk hərbi birləşmələri toplanana qədər Azərbaycan istiqlalının beşiyi olan Gəncəni dağıtmaq idi. Kommunanın belə təcavüzkar siyasətində may ayının ortalarında V.İ.Lenindən alınan teleqram da az rol oynamamışdı. V.İ.Lenin kommunanın rəhbəri S.Şaumyana yazırdı: "Sizin möhkəm və qəti siyasətinizə məftunuq. Bacarıb həmin siyasəti, indiki çox çətin vəziyyətin şəksiz tələb etdiyi çox ehtiyatlı bir diplomatiya ilə birləşdirin, - onda biz qalib gələrik. Çətinliklər hədsizdir. Hələlik bizi ancaq imperialistlər arasındakı ziddiyyətlər, toqquşmalar və mübarizə xilas edir. Bacarıb həmin toqquşmalardan istifadə edin. Hələlik diplomatiyanı öyrənmək lazımdır".(Bax. V.İ.Lenin, əsərlərinin tam külliyyatı, 50-ci cild, səh. 81-81).
İyun ayının 12-də S.Şaumyan teleqraf vasitəsilə V.İ.Leninə və İ.Stalinə Bakı hərbi hissələrinin Gəncəyə hücumu barədə məlumat verirdi. Orduya ümumi komandanlıq müsəlman millətinə qarşı mübarizədə ad çıxarmış polkovnik Z.Avetisyan və S.Qazaryanın, habelə partizan hərəkatının "lideri" H.Hamazaspın əlində idi. Qan tökməyə tələsirdilər...
XX əsrin əvvəlləri Azərbaycan tarixinə həm şanlı, həm də qanlı illər kimi həkk olunub. Bir tərəfdən Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması prosesi, digər tərəfdən isə Bakıda, Qubada, Şamaxı və Şirvanda, Qarabağda, Zəngəzur və Naxçıvanda, İrəvan və Urmiyada erməni daşnaklarının həyata keçirdikləri zorakılıq əməllər nəticəsində türk-müsəlman milləti soyqırıma məruz qalmışdı.
Bu təcavüzün qarşısını almaqda çətinliklə üzləşən Azərbaycan dövləti ümidini Türkiyəyə bağlamışdı. Paytaxtı Gəncə olan ADR-in cəmi 600 nəfərlik hərbi qüvvə vardı. Bu qüvvə ilə Gəncə və Bakının işğalçılardan azad etmək absurd idi. Bu ərəfədə Türkiyənin yardımına böyük ehtiyac duyulurdu.
Nəhayət belə bir gün gəlib çatdı. Ənvər Paşa 1918-ci ilin əvvəllərindən başlayaraq Qafqazdakı türk və müsəlman əhalini müdafiə etmək üçün bir ordu yaratmaq işlərinə başladı. Qurulacaq ordunun həmçinin yerli kadrlar hesabına çoxaldılmasına ehtiyac olduğunu nəzərə alaraq hələ Osmanlı ordusu Azərbaycana gəlməmişdən əvvəl Gəncədə zabit məktəbinin ilk sinfi təşkil olunmuşdu. Bu kurslara təkcə Gəncə şəhəri deyil, ətraf bölgələrdən də xeyli dinləyici cəlb olunmuşdu. Ancaq Osmanlı ordusu bunu daha da təkmilləşdirdi və komandir köməkçisi hazırlayan məktəb şəklində qurmağa nail oldu. Beləliklə, Azərbaycana Türk hərbi hissələrini göndərmək qərara alındı. Nuru Paşanın komandanlığı altında xüsusi hərbi birləşmə təşkil olundu. Heyət mayın 20-də Araz çayını keçərək Azərbaycan torpağına qədəm basdı. Qeyd edək ki, hələ aprel ayında Ənvər Paşa Azərbaycan nümayəndələri ilə görüşdə Qafqazda federativ ya da konfederativ bir dövlətin qurulmasının bölgənin xeyrinə olacağını və qardaşı Nuru Paşanın Təbrizə, oradan da üç yüz hərbi təlimatçı ilə birlikdə Gəncəyə getməsi barədə təlimat verdiyini bildirmişdi.
İyun ayının 4-də Osmanlı Dövləti ilə Azərbaycan Xal Cümhuriyyəti arasında dostluq və əməkdaşlıq müqaviləsi imzalandı. Müqavilə bir sıra digər məsələlərlə yanaşı əlbəttə ki, Azərbaycana hərbi yardım ediləcəyini də nəzərdə tuturdu. Ənvər Paşa ilə Məmməd Əmin Rəsulzadə arasındakı görüşdə hər iki dövlətin mənafeyinə toxunan aktual məsələlər də önə çəkilmişdi. Bu bağlaşmadan sonra 9-cu Ordunun 5-ci Qafqaz diviziyası Gümrüyə, oradan Qazağa və nəhayət Gəncəyə çatdı.
Bu ordu və onlara qoşulan azərbaycanlı könüllülərindən ibarət olmaqla Qafqaz İslam Ordusu yaradıldı. Ümumiyyətlə, Qafqaz İslam ordusuna Nuru Paşa rəhbərlik edirdi. Xüsusi olaraq 5-ci Qafqaz diviziyasına rəhbərlik Mürsəl Paşaya həvalə olundu və ordunun tərkibi yerli könüllülərin hesabına gücləndirildi, müəyyən hazırlıqdan sonra ordu Bakıya doğru istiqamət götürdü. Bu ordunun tərkibində dörd yüzdən artıq Gəncə könüllüsü də vardı. Bu könüllü döyüşçülər arasında Tiflis kadet (kiçik zabitlər hazırlayan məktəb) məktəbinin məzunu, Gəncə zabit məktəbinin müəllimi 28 yaşlı Səməd Cəfər Qənbər oğlu da var idi. Hərbi sirlərə və texnikaya yaxşı bələd olan Cəfər elə ilk günlərdən Nuru Paşanın hörmətini qazanmışdı.
Paşa bu cəsur və təşkilatçılıq bacarığı olan oğlana etimad göstərərək onu bölmə komandiri təyin etmişdi. Cəfər Qəmbəroğlu ona tapşırılan hər bir işin öhdəsindən layiqincə gəlirdi. Atdığı güllələrdən biri də boşa çıxmırdı. Müxtəlif şəhər və kəndlərin, o cümlədən Bakının daşnak-rus hərbi qruplaşmalarından təmizlənməsində əsl şücaət göstərib, yenilməz türk oğlu olduğunu isbat edib.
Bakının azad edilməsi istiqamətində döyüşlərə başlayan İslam Ordusu Yevlax, Göyçay, Kürdəmir, Ağsu, Hacıqabul, Şirvan və Şamaxıda ağır döyüşlərlə qarşılaşdı. Avqust ayından etibarən Bakı yaxınlığında ermənilərin qurduqları istehkamlara qəfləti hücumlar başladı. Bu hücumlar və Türk ordusunun qazandığı qələbələr barədə Cəfər Qəmbəroğlu xatirələrində yazmışdı: "... Göyçayı yenicə keçmişdik. Kimisi atla, kimi də piyada. Qaraməryəm kəndinin girəcəyində axar çayın üzərində bir körpü vardı. Biz körpüyə yaxınlaşanda orada böyük bir lövhə asıldığını gördük. Orada türk dilində yazılmışdı: - Ey türk əsgərləri! Uzaq yoldan gəlib yorğunsunuz, həm də acsınız. Bir az dincəlin, sizin üçün yemək hazırlamışıq. Ondan yeyin, sonra bizim üstümüzə hücum edərsiniz. Körpünün üstündə böyük bir qazan var idi. Altında ocaq yanırdı. Lövhəni oxuyan Nuru Paşa ətrafın yoxlanmasını əmr etdi. Əsgərlər çayın hər iki tərəfini yoxlayan zaman aşağıda yaşlı bir qadının sel sularının gətirib sahilə çıxardığı köpüklər arasında vurnuxduğunu gördülər və onu yaxalayaraq Paşanın hüzuruna gətirdilər. Arvad qorxudan əsim-əsim əsirdi. Gah qaynayan qazana, gah da bığıburma türk əsgərlərinə baxırdı. Paşa məni yanına çağırıb: - Şu karıdan sor, türkcə biliyormu?
Mən dərhal arvada yaxınlaşıb xəbər aldım: - Siz bizim dili bilirsiniz? Arvad göz yaşlarını saxlaya bilmədi. Handan-hana dili açıldı.
- Mən də türkəm a bala. Qazanın içində qaynayan mənim balalarımın ətidir. Ərimi, üç uşağımı öldürdülər, mənə toxunmadılar. Qazanın altını yandırmağa mənə məcbur etdilər. Sonra dedilər ki, balalarının ətini türklərə paylayandan sonra səni harda tapsaq öldürəcəyik. Onların dəstə başçısı daşnak Hamazaspdır. Qabaqda bir kənd var, orada gizlənir... Başının dəstəsində yüz-iki yüz nəfər ancaq olar. Ancaq əliyalın müsəlmanlara qənim kəsilib. Ətrafdakı qayalıqlarda pusqu qurublar. Bir az ehtiyatlı olun. Allah sizi qorusun...
Bu sözləri deyəndən sonra qadın özünü çaya tulladı və başı qaya parçasına dəyərək öldü. Axar su onun cəsədini harasa apardı.
Hər tərəfi diqqətlə yoxladıqdan sonra bir neçə nəfər qazana yaxınlaşıb qapağı qaldırdılar. Dəhşətli mənzərə hamını sarsıtdı. Həqiqətən də qazanda qaynayan insan əzalarının parçaları idi. İntihar edən qadın düz deyirmiş. Bu gördüklərimi heç vaxt unuda bilmərəm..."
Şamaxı ərazisini erməni daşnak ordusunun təzyiqlərindən xilas etdikdən sonra Türk İslam Ordusu Biləcəri stansiyasına yaxınlaşdı və buranı da azad etdi. Lakin Don kazaklarının komandanı Biçeraxovun dəstəsi İslam ordusuna hücum etsə də, kazaklar məğlub oldular. Vəziyyət stabilləşdi. Ona görə ki, elə həmin gün, yəni avqustun 2-də Qərb ilə şərq cəbhəsi birləşmişdi.
Səhəri günü, avqustun 3-də Şərq cəbhəsində Osmanlı ordusunun komandanı Mürsəl Paşanın Bakıda olan erməni Milli Şurasının sədrinə göndərdiyi məktub tarixi baxımdan çox əhəmiyyətlidir.
Məktubu erməni tərəfinə Cəfər Qəmbəroğlu ilə üç nəfər əsgər apardılar. Sənəddə qeyd edilirdi ki: "Bakı uğrunda Qafqaz İslam ordusu hərbi əməliyyatlar aparır. Əgər siz şəhəri döyüşsüz versəniz, onda dinindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların hüquqları təmin ediləcəkdir. Əgər ermənilər istəsələr onların Banıdan Rusiya torpaqlarına maneəsiz getmələri təşkil ediləcəkdir. Lakin müqavimət göstərsəniz onsuz da şəhər alınacaq və bu halda tökülən qanların və dəyən ziyanın məsuliyyəti sizin üzərinizə düşür. Əgər siz şəhəri verməyə hazırsınızsa bizim nümayəndə vasitəsilə cavab göndərin". Lakin erməni Milli Şurası məktubu müzakirə etsələr də, Mürsəl Paşaya cavab vermədilər. Bu, artıq hərbi əməliyyatların davam etdirilməsi demək idi.
Avqustun 7-də İstanbuldakı Azərbaycan nümayəndə heyətinin başçısı Məmməd Əmin Rəsulzadədən alınan məktubda Qafqaz İslam ordusu ilə birləşib Bakının azad olunmasını sürətləndirilməsi məsələsindən bəhs olunurdu. "Hansı yolla, nəyin bahasına olursa-olsun Bakı tezliklə tutulmalıdır. Əks təqdirdə biz baş vermiş fakt qarşısında çətin duruma qalarıq. Bakıya doğru hərəkət vahid Azərbaycan və İslam ordusu tərəfindən icra olunmalıdır. Ayrı cür olarsa çətinliklər yarana bilər.
Siz türk ordusu ilə birləşib Bakını tutmalısınız ki, düşmənlər fakt qarşısında qala bilsin. Onda hadisələr başqa məcraya yönələcək. Bolşeviklər hədələyə bilərlər ki, onlar vuruşacaqlar, mənə elə gəlir ki, onlar vuruşmayacaqlar".
1918-ci il sentyabrın 6-da yeni hakimiyyətə gəlmiş VI Mehmedin İstanbulda olan Azərbaycan nümayəndələrini qəbul etməsi Azərbaycanın beynəlxalq vəziyyətinə müsbət təsir göstərdi. Həmin gün Qılıncasma mərasimi ilə bağlı İstanbulda olan bir sıra nümayəndəlikləri qəbul edildilər. Sultanın şəxsi təşəbbüsü ilə ilk olaraq Azərbaycan elçiləri qəbul edildilər. M.Ə.Rəsulzadə, X.Xasməmmədov və A.Səfikürdskidən ibarət Azərbaycan nümayəndələrini Ənvər Paşa qarşılayıb Sultana təqdim etdi. Azərbaycan Respublikası adından VI Mehmedi təbrik edən M.Ə.Rəsulzadə yüzillik əsarətdən xilas olmuş Azərbaycan xalqının öz istiqlaliyyətini və hürriyyətini qoruyub saxlamaq yolunda qardaş Türkiyəyə arxalandığını bildirdi. Bu görüşdən 9 gün sonra – sentyabrın 15-də Qafqaz İslam Ordusu yerli ordu birləşmələri ilə birlikdə Bakının erməni-ingilis işğalından azad edilməsini reallaşdırdı. Bu vuruşmada fərqlənən könüllü döyüşçülərdən çoxuna qiymətli hədiyyələr bağışlandı. Cəfər Qəmbəroğluna isə şəxsən Mürsəl Paşa gümüş xəncər və at hədiyyə etdi. Sağ-salamat Gəncəyə qayıdan Cəfər Qəmbəroğlu yenə öz peşəsi ilə məşğul oldu. Bir qədər sonra ailə həyatı qurdu. İki qız və bir oğlan atası oldu. Ömrü boyu bir Vətənini, bir də balalarını düşündü. Çalışdı ki, uşaqları heç kimdən əl ummasın. Zəhmətlə yaşatdı, qeyrətlə yaşatdı balalarını, nəvələrini...
Halal zəhmət hesabına ömür-gün keçirən Cəfər Qəmbəroğlu 1973-cü ildə haqq dünyasına qovuşub. Məzarı Gəncənin İmamzadə qəbiristanlığındadır. Cəfər Qəmbəroğlunun yeganə oğlu Nazim Səmədov hal-hazırda ata ocağını sönməyə qoymur, onun hərarəti ilə yaşayır, atası kimi halal zəhmətinin ona əta etdiyi bəhrəsi ilə, üç övladı və nəvələrinin xoşbəxtliyi naminə ömür sürür...Mürsəl İRƏVANLI