📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Korrupsiyaya qarşı mübarizə nəticələrlə deyil, səbəblərə qarşı aparılırsa effektiv ola bilər" - ƏRƏSTUN ORUCLU

2022-12-23 10:20:00

"Bizdə isə hələlik hədəfdə nəticələrdir, o da hamısı yox, məsələn həyata keçirilən əməliyyatlar korrupsiyanın və mənimsəmələrin fantastik miqyasda tüğyan etdiyi SOCAR, "Azəriqaz", "Azərsu", "Azərenerji", "Azəravtoyol", "Azərbaycan Dəmir Yolları" kimi qurumlara toxunmur"

"Son illər ərzində ölkədə dövlət əmlakını mənimsəmə və rüşvət ittihamları ilə yüzlərlə yuxarı və orta ranqda məmur həbs olunub, yüzlərlə digərləri isə işdən azad olunub. Belə statistika dünyanın istənilən ölkəsində korrupsiyaya qarşı amansız mübarizə kimi qəbul olunardı, amma bizdə əksəriyyət belə düşünmür. Niyə?" Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Ərəstun Oruclu qeyd edib.

Bu suala cavab tapmağa çalışan siyasi şərhçi hesab edir ki, baş verənlərin korrupsiyaya qarşı mübarizə kimi qəbul edilməməsində çoxsaylı versiyalar, daha doğrusu səbəblər ağla gəlir: "Bir qrup insan bunları hakimiyyətdaxili mübarizənin, kimlərinsə kadrlarının vurulması, onların başqa qrupun kadrları ilə əvəzlənməsi kimi qəbul edir. Digər bir qrup hesab edir ki, atılan addımlar kapitalın bir əldə cəmlənməsinə xidmət edir. Üçüncülər isə gözdən pərdə asmaq olduğunu düşünür və s. Belə yanaşmalar heç də əsassız deyil. Ölkə insanının dövlətə və onun atdığı addımlara etimad göstərməmək üçün yetərincə ciddi səbəbləri var. Başlıca səbəb odur ki, Azərbaycanda korrupsiya hansısa məmurun özfəaliyyəti deyil və ola da bilməz. Korrupsiya sistemdir və cəzalandırılanlar da həmin sistemin elementləri olub".

Ərəstun Oruclunun fikrincə, ikinci səbəb həmin mübarizənin ucdantutma aparılmamasıdır: "Yəni, həyata keçirilən əməliyyatlar korrupsiyanın və mənimsəmələrin fantastik miqyasda tüğyan etdiyi SOCAR, "Azəriqaz", "Azərsu", "Azərenerji", "Azəravtoyol", "Azərbaycan Dəmir Yolları" kimi qurumlara toxunmur. Ən azı hələlik bunun əlamətləri görünmür. Nəhayət, korrupsiya ilə mübarizənin önündə getməli olan, amma əvəzində korrupsiya içində boğulan və ölkədə qanunun tətbiqinin qarşısına çəkilmiş sipərə çevrilmiş DİN, məhkəmə və prokurorluq orqanlarından bircə nəfər də ciddi cəzalandırılan yoxdur. Bu qurumlarda hər şeyin ideal olduğuna isə heç uşaq da inanmaz. Başqa bir səbəb də var və həmin səbəb fundamentaldır: korrupsiyaya qarşı aparılan mübarizə (əgər o, səmimi olaraq aparılırsa) yalnız bir halda effektiv ola bilər: mübarizə nəticələrlə deyil, onları yaradan səbəblərə qarşı aparılırsa. Bizdə isə hələlik hədəfdə nəticələrdir. O da dediyim kimi, hamısı yox".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az