Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 7 faizə çatdırılması barədə qərar qəbul edib.
Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında məlumat verib. Faiz dəhlizinin aşağı həddi 6 faiz dərəcəsində saxlanılıb, faiz dəhlizinin yuxarı həddi isə 7 faizdən 8 faizə qədər artırılıb.
Uçot dərəcəsinin, yəni, AMB banklara verdiyi kreditin dərəcəsinin artırılması kredit faizlərini artıracaq.
Hurriyyet.az xəbər verir ki, İqtisadçı ekspert Natiq Cəfərli Bakıvaxtı.az-a bildirib ki, AMB uçot dərəcəsini artırılmasına səbəb kimi "inflyasiyanın azadılması cəhdi"ni göstərib.
“Mərkəzi Bankın uçot dərəcəsinin ölkədə formal iqtisadi göstərici olması məlumdur, məmləkətdə iqtisadi institutlar çox zəif olduğu üçün uçot dərəcəsi vasitəsi ilə qiymət artımının qarşısını almaq mümkün deyil.
Azərbaycanda inflyasiya yaradan amillər idxaldan asılılıq, rüsumların, vergilərin yüksək olması və onların məntiqsiz tədbiqi, inhisarçılıq, rəqabətsiz mühiti və korrupsiyadır.
Onsuz da Azərbaycanda kreditlərin faizi kifayət qədər yüksəkdir. Bundan sonra kreditlərin faiz dərəcələrinin artması gözlənilir.
Biznes üçün yüksələn faizlər, tam tərsi, onların satdığı malların, göstərdiyi xidmətlərin bahalaşmasına səbəb olacaq - deməli, əksinə, inflyasiya yüksələcək”, - deyə iqtisadçı-ekspert bildirib.