Kreml Bakı ilə İrəvan arasında NORMALLAŞMA PROSESİNİ POZMAQ ÜÇÜN FƏALLAŞIB
Məhəmməd Əsədullazadə: "Ermənistanın hərbi toqquşmaya getməkdə məqsədi sülh prosesinə zərbə vurmaq və strateji yüksəklikləri ələ keçirməkdir, lakin bu, düşmənə yeni itkilər yaşadacaq"
Nazim Cəfərsoy: "Paşinyan və komandasının atdığı addımlar əslində onun son iki yüz il ərzində türk düşmənçiliyi və türklərə qarşı xaricdən dəstək axtarmaq üzərinə qurulmuş erməni milli kimliyini dəyişdirmə cəhdləridir"
Ədalət Verdiyev: "Düşmənin ağır və iriçaplı silahlarının 1-ci eşalona və əsgərimizin həyatına təhlükə yaradacaq məsafəyə qədər yaxınlaşmasına imkan verməli deyilik"
Bugünlərdə erməni sosial şəbəkələrində düşmən ölkənin hərbçilərinin Azərbaycanla sərhədə doğru getdiyini əks etdirən görüntülər yayılıb. Bununla bağlı axar.az-da yer alan informasiyaya görə, erməni mediasına açıqlama verən "Sisakan" dəstəsinin döyüşçüsü Aşor Avaqyan Ermənistan ordusunun sərhədə cəmləşməsi faktını təsdiqləməklə yanaşı, orduya 1 nömrəli hazırlıq səviyyəsi elan edildiyini də bildirib. Belə ki, sərhəddəki qüvvələrin ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirildiyini vurğulayan Avaqyan qeyd edib ki, gərginlik əsasən Laçın, Kəlbəcər və Naxçıvan istiqamətindədir.
Bu arada, "Elə prinsipial məsələlər var ki, onların ətrafında razılaşa bilmirik" deyən Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan isə bildirib ki, hazırda delimitasiya prosesinin neçənci ilin xəritəsi ilə aparılması, Bakı ilə Xankəndi arasında beynəlxalq dialoq mexanizmləri, "Qarabağ xalqının" hüquqları və təhlükəsizliyi ilə bağlı razılıq yoxdur. Onun sözlərinə görə, bu məsələlərdə tərəflərin mövqeləri bir-birindən kifayət qədər uzaq olsa da, işlər davam edir: "Erməni tərəfi kommunikasiyaların blokadadan çıxarılması, delimitasiya və demarkasiya, eləcə də sülh müqaviləsi mövzuları çərçivəsində mətnlərin müzakirəsi üçün görüşlərə həmişə hazırdır. Biz bütün bu sahələr üzrə nəticənin qeydə alınmasında maraqlıyıq".
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk isə hesab edir ki, İrəvanla Bakı arasında sülhün alternativi yoxdur, lakin Ermənistan və Azərbaycan sərhədində hələ də toqquşmalar var, insanlar ölür, belə bir şəraitdə nəqliyyat əlaqələrinin bərpası ilə bağlı danışıqlar aparmaq çətindir. Onun fikrincə, sülhə nail olmağın ən yaxşı yolu qarşılıqlı əlaqə imkanlarını açmaq, ümumi yol qurmaqdır: "Bu yoldan insanlar istifadə edəcək, mallar daşınacaq, daha sonra səyahət ediləcək, normal həyat və ticarət başlayacaq, köhnə narazılıqlar tədricən arxa plana keçəcək".
"Silahli erməni birləşmələrinin fortifikasiya qurğuları qurması, Azərbaycanın anti-terror əməliyyatlarını zəruri edir"
Beləliklə, mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadənin qənaətincə, Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulmasından sonra Ermənistanın Qarabağa qarşı anneksiya siyasəti fiaskoya uğrayıb: "Ermənistanın müxtəlif danışıqlarda Qarabağ məsələsini masaya daşıması onların iddialarının reallaşmasına gətirib çıxarmayacaq. Qeyd edim ki, Qarabağa Rusiyanın deyil, Qərb ölkələrindən ibarət sülhməramlı adı altında hərbçilər yerləşsəydi, o zaman proseslər tam fərqli məcrada inkişf edə bilərdi. İlk növbədə, Qərb ermənilərə muxtariyyət tələb edəcəkdi və proseslər daha böhranlı vəziyyətə gələcəkdi. Nəticədə, Ermənistan Qərblə birgə prosesləri idarə edəcəkdi. Odur ki, Rusiyanın sülhməramlı adı altında hərbçiləri yerləşdirməsi, ölkəmizin manevr imkanlarını artırıb. Heç kimə sirr deyil ki, Azərbaycan iki dəfə Rusiya hərbçilərini ölkəmizdən çıxarmaq təcrübəsinə malikdir. Ona görə də Qarabağda Rusiya hərbçilərinin yerləşdirilməsi, bizim Xankəndinə tam nəzarət etməyimizə gətirib çıxaracaq".
Azərbaycanın Rusiya sülhməramlı qüvvələrini kifayət qədər küncə sıxışdırdığını iddia edən politoloqun sözlərinə görə, Ermənistan, o cümlədən Qərb də Rusiya sülhməramlı qüvvələrinin Qarabağda qalmasında maraqlı deyil: "Yəni, bu məsələdə Azərbaycanla maraqlar üst-üstə düşür. Bundan sonra, Qərb Qarabağa sülhməramlı qüvvə yerləşdirə bilməz. Prezident İlham Əliyev Qarabağla bağlı unikal və strateji siyasət ortaya qoyub. Proseslər Azərbaycanın maraqları çərçivəsində inkişaf edir. Rusiya sülhməramlı qüvvələrinin çıxarılması da təmin ediləcək". Azərbaycanın çox yaxın perspektivdə Xankəndinə de-yure nəzarəti təmin edəcəyini vurğulayan Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri qeyd edib ki, Ermənistanın şərti sərhəddə təxribatlara əl atması belə, regionda yaranan yeni siyasi nizamı pozmaq iqtidarında deyil: "Hesab edirəm ki, Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət etdiyi ərazidə qanunsuz silahli erməni birləşmələrinin fortifikasiya qurğuları qurması, Azərbaycanın anti-terror əməliyyatlarını zəruri edir. Həm də ona görə ki, artıq diplomatik danışıqlar yenidən yerini silahlara verir. Ermənistan rəhbərliyi siyasi iradə ortaya qoymaqdan çəkinir. Ermənistanda "Daşnaksütyun" partiyası və "revanşist" qüvvələr Rusiyanın təlimatı ilə hərəkətə keçiriblər. Yəni, Rusiya Azərbaycanla Ermənistan arasında normallaşma prosesini pozmaq üçün kifayət qədər fəallaşıb. Bunun nəticəsidir ki, Ermənistan Azərbaycanla sərhədə ordu yığır. Fikrimcə, Ermənistanın hərbi toqquşmaya getməkdə məqsədi sülh prosesinə zərbə vurmaq və strateji yüksəklikləri ələ keçirməkdir, lakin bu, düşmənə yeni itkilər yaşadacaq".
"Tərəflər arasında atışmalar sərhədlərin dəqiqləşdirilməsi və nişanlanması prosesinin davam etdiyini göstərir"
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Nazim Cəfərsoy isə hesab edir ki, tərəflər arasında atışmalar sərhədlərin dəqiqləşdirilməsi və nişanlanması prosesinin davam etdiyini göstərir: "Paşinyan hakimiyyətinin Azərbaycan mövzusundakı əsas taktikası son 3 ildir təxminən, budur: Ermənistan vəziyyəti o qədər gərginləşdirir ki, Azərbaycan öz haqqı olanı gücü ilə alır. Paşinyan da dönüb xalqa və rəqiblərinə bunu deyir: "Ay camaat, mən vermirəm Azərbaycan zorla alır, Rusiya da səssiz qalır, Qərbin isə gücü çatmır. Ona görə də bu regionda türklərlə dil tapıb yaşamalıyıq". Sizə qəribə gəlsə də, erməni cəmiyyəti üçün müzakirələrdə normallaşma addımları atmaq xain olmaq mənasına gəlir. Gücü çatmadığı üçün uduzmaq isə xalqda, diasporada və Qərbdə məzlum olmaq imkanı yaradır. Məzlumluq isə erməni mentalitetində xüsusi önəmə malikdir. Paşinyan da bunu bildiyi və ehtiyac olanda daxildə bunu idarə etməyi bacardığı üçün bu proses siyasi və geosiyasi mənada onun hakimiyyətinin lehinə işləyir".
Politoloqun iddiasına görə, Nikol Paşinyan və komandasının atdığı bu addımlar əslində onun son iki yüz il ərzində türk düşmənçiliyi və türklərə qarşı xaricdən dəstək axtarmaq üzərinə qurulmuş erməni milli kimliyini dəyişdirmə cəhdləridir. Nazim Cəfərsoy onu da əlavə edib ki, hazırda baş verən bütün hadisələrə rəğmən, Xocalıya qayıdacağıq, Xankəndidə bayrağımız dalğalanacaq, Zəngəzur dəhlizi də açılacaq.
"Ayıq-sayıq olmalı, müşahidə və kəşfiyyat sistemini gücləndirməli, düşmən yerdəyişmələrini xüsusi diqqətlə izləməliyik"
Hərbi ekspert Ədalət Verdiyev isə bildirib ki, ayıq-sayıq olmalı, müşahidə və kəşfiyyat sistemini gücləndirməli, düşmən yerdəyişmələrini xüsusi diqqətlə izləməliyik: "Nəzərinizə çatdırım ki, "Arabo" dəstəsinin komandiri Manvel Yeqizaryan bugünlərdə verdiyi açıqlamasında çox çətin vəziyyət yarandığını, hətta çıxış yolu görmədiyini bəyan edib: "İşləri o qədər mürəkkəbləşdiriblər ki, vəziyyəti başa düşməyə belə yaxın deyiləm. Nə etdiklərini, necə çətinləşdirdiklərini bilmirəm. Biz total səfərbərlik elan etməliyik, kilsələr zəng çalmalı, biz ermənilər bir araya gəlib bütün bunlara son qoymalıyıq. Ayıbdır, siyasi sahədə bizə hörmət edilmir, bizi zəif xalq hesab edirlər". Düşünürəm ki, Ermənistan ordusunun bütün sərhədboyu ərazilərdə 1 nömrəli hazırlıq vəziyyətinə gətirildiyini, avropalı müşahidəçilərin bölgədən təcili təxliyə edilməsini, Qarabağdakı seperatçı rejimə yaxın Manvel Yeqizaryanın son bəyanatı, erməni ordusunun yaxın perspektivdə şərti sərhəddə gözlənilən təxribatlarının həm də Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətində olan Qarabağ ərazisinə sıçraya biləcəyini ehtimal etməyə əsas verir. Odur ki, ayıq sayıq olmalıyıq, müşahidə və kəşfiyyat sistemini gücləndirməliyik, düşmən yerdəyişmələrini xüsusi diqqətlə izləməliyik. Düşmənin ağır və iriçaplı silahlarının 1-ci eşalona və əsgərimizin həyatına təhlükə yaradacaq məsafəyə qədər yaxınlaşmasına imkan verməli deyilik".
Vazeh BƏHRAMOĞLU