📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Kreml növbəti dəfə Ermənistanda hökumət dəyişikliyinə cəhd edəcək" - NATİQ CƏFƏRLİ

2023-09-01 12:45:44

"Əgər bu dəfə Moskvanın əlində olan "Qarabağ klanı" ciddi dalğa yaradıb Nikol Paşinyanı devirsə, bu günə qədər olan bütün anlaşmalar bitə bilər"

"Əgər Xankəndidəki Rusiyanın hər mənada saxladığı qondarma rejimin üzvlərinin istefası, “elita” dəyişməsi Azərbaycanla razılaşdırılıbsa, rəsmi Bakı bu məsələni əsas oyunçularla müzakirə edibsə, lap yaxşı, adı terrorçular siyahasında olanlarla rəsmi Bakı erməni icması nümayəndələri kimi (ancaq bu statusda) görüşə bilməz-görüşməz, bu gələcəkdə baş tutacaq görüşlərin təməlidirsə, xeyrimizədir. Yox, əgər bu Kremlin öz əlində olan “kartları” yenidən “paylamaq” cəhdidirsə (Xankəndidə Rusiyanın nəzarətində olmayan heç bir şəxs yoxdur), bu məsələ İrəvana qədər uzana, Ermənistanda çevrilişə yol aça bilər". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli qeyd edib.

Sentyabrın 2-də İrəvanda Robert Köçəryan və Serj Sarkisyanın iştirakı ilə mitinq olacağını xatırladan politoloqun fikrincə, əgər bu dəfə Moskvanın əlində olan "Qarabağ klanı" ciddi dalğa yaradıb Nikol Paşinyanı devirsə, bu günə qədər olan bütün anlaşmalar bitə bilər: "Paşinyanın, “Qababağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq”, kimi vacib bəyanatı kağıza köçürülmədən uçub-gedəcək. Zaxarovanın həyasızcasına verdiyi, “bütün problemlər Paşinyanın Azərbaycanın ərazi bötövlüyünü tanımasından qaynaqlanır”, bəyanat da buna sübutdur ki, Kreml növbəti dəfə Ermənistanda hökumət dəyişikliyinə cəhd edəcək. Əgər bu ssenari baş tutsa, bu heç də yaxşı bir gedişat deyil, danışıqlar “silbaşdan” moduna keçsə, Azərbaycanın ziyanınadır. Ona gərə də, rəsmi Bakının haqlı, hüquqi addımlarla Ermənistanı, Xankəndidəki qondarma rejimi sıxması doğru olsa da, çox sıxıb indi “sorvat” eləmək də olmaz".

Natiq Cəfərli hesab edir ki, təzyiqlərin dalğalarını, zamanlamasını, gücünü düzgün ayarlamaq lazımdır.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az