"Kreml proksi dövlətlər ilə masa arxasına oturmağı sevir"- TƏHLİL
Rusiya Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini, deputat Mixail Delyaqin ölkəmizə qarşı açıq təhdidlər səsləndirib. Belə ki, Delyaqin əvvəl "Rossiya 1” dövlət telekanalında yayımlanan "60 dəqiqə” verilişində Azərbaycanı proksi dövlət adlandırıb (Türkiyənin proksisi). Bununla da ürəyi soyumayan Delyaqin öz rəsmi Teleqram kanalında Azərbaycanın neft sənayesinin məhv edilməsi üçün taktiki nüvə silahından istifadə olunmasını düzgün hesab edib-etmədikləri ilə bağlı sorğu yerləşdirib.
Məsələ ilə bağlı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Dövlət Dumasının deputatı Mixail Delyaqinin Rusiyanın Bakının neft yataqlarına zərbələr endirməsi ehtimalı ilə bağlı sözlərini heç bir halda Moskvanın siyasi xəttinə uyğun olmadığını deyib.
Kremlin yeni iç səsi Mixail Delyaqin
Aydın məsələdir ki, Kreml Bakıya qəzəblidir. Bu qəzəbin səbəbi də heç şübhəsiz ki, Xocalının Fərrux kəndi və eyniadlı yüksəkliyi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçməsidir. Bunu Delyaqinin sözləri də təsdiqləyir: “Azərbaycanlılar həqiqətən atəşkəsi pozub. Bizimkilər bildirdilər ki, Azərbaycan tutduğu mövqelərdən geri çəkilib. Lakin Azərbaycan rəsmən elan etdi ki, heç yerə çəkilməyiblər”.
Kreml bu günə qədər Delyaqin kimi “siyasətçilər” çox yetişdirib. Belə şəxslər ilk başda pafoslu çıxışlar edib, yeri gəldikdə həqiqəti əks etdirməyən bəyanatlar verir. Əslində pafoslu çıxışları ilə gündəmə gələn bu şəxslər Kremlə birbaşa deyə bilmədiklərini demək üçün gərəkdir. Başqa cür desək bu şəxslər Kremlin iç səsidir. Misal üçün Rusiya Liberal Demokratik Partiyasının sədri və Dövlət Dumasının deputatı Vladimir Jirinovski və ya Çeçenistanın rəhbəri Ramazan Kadırov da belə şəxslərdəndir.
Bu mənada Delyaqinin son sözlərini Kremlin Bakıya xəbərdarlıq mesajı kimi qiymətləndirmək olar.
Kreml proksi dövlətlər ilə masa arxasına oturmağı sevir
Delyaqin Azərbaycanı proksi dövlət adlandırıb. Özü də strateji müttəfiqimiz Türkiyənin. O zaman sual yaranır Rusiya Federasiyası proksi dövlət adlandırdığı Azərbaycan ilə “müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Moskva bəyannaməsini nə üçün imzalayırdı?
Kremldən fərqli olaraq rəsmi Bakı Türkiyə ilə Şuşa Bəyannaməsi, Rusiya ilə müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Moskva bəyannaməsi imzaladı. Beləliklə rəsmi Bakı regionun iki güclü ölkəsi ilə iki fərqli, ancaq eyni mahiyyətli bəyanat imzaladı.
Delyaqin "Rossiya 1” dövlət kanalında Azərbaycanı proksi dövlət adlandıraraq əslində öz ölkəsini alçaldır. Deməli ölkəsi proksi dövləti ilə hazırda müttəfiq statusuna malikdir. Və belə bir nəticə çıxır ki, Kreml proksi dövlətlər ilə masa arxasına oturmağı sevir.
Nəticə etibarilə Xocalının Fərrux kəndi və eyniadlı yüksəkliyi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinədir. Qarabağ Azərbaycanın əzəli və əbədi torpaqlarıdır və bunu bütün beynəlxalq hüquq norma və prinsipləri də təsdiq edir və orada baş verən istənilən razılaşma və qərarlar da Azərbaycanın istəyi və tələbinə uyğun tənzimlənir. O ki qaldı Delyaqin Azərbaycanın neft sənayesinin məhv edilməsi üçün taktiki nüvə silahından istifadə olunması məsələsinə, Kreml unutmamalıdır ki, Bakı ötən əsrdə bir yox, bir neçə dəfə bu kimi təhdidlərə məruz qalıb. Ancaq buna heç kəs nail ola bilməyib. Nüvə silahına hər ölkə malik ola bilər, ancaq ondan hər ölkə istifadə edə bilməz. Rusiya bunu bacarsa idi, elə Ukraynada edərdi.
Politoloq Turan Rzayev