"Kreml Qərblə özündə olmayan demokratiyanın təsir rıçaqları ilə mübarizə aparır" - NATİQ CƏFƏRLİ
"Rusiyaya təsir edəcək ən böyük və ən sərt sanksiya neft, qazın qiymətinin kəskin enməsi ola bilərdi"
"Rusiya telekanalları "Şimal Axını-1" və "Şimal Axını-2" boru kəmərlərində partlayışların ABŞ (Qərb) tərəfindən edildiyi haqqında hay-küy salıb. Amma istənilən hadisədə, "bu kimə xeyirdir", sualı əsas sualdır. Bu hadisə birmənalı şəkildə Rusiyaya sərf edir. Avropa Birliyi ölkələri Rusiya qazına və neftinə tavan qiymət qoymaq istəyir, cavab olaraq da Rusiya qaz, neftin satışını tamam dayandıracığını açıqladı. Amma indi isə az həcmdə satdığı qaza, neftə görə daha çox qazanmaq istəyir". Hurriyyet.az xəbər verir ki, bu fikirlər Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərliyə məxsusdur.
Politoloq qeyd edib ki, boru kəmərlərində baş verən hadisə qazın qiymətini 11 faiz, neftin qiymətini isə 3 faiz artırdı: "Rusiya artıq xeyir görür, amma əsas hədəf bu deyil. Hədəf odur ki, qış öncəsi Avropa Birliyi ölkələrində çox ciddi yanacaq böhranı yaransın, bu da əhalinin öz hökumətlərinə qarşı daha sərt təpki verməsi ilə nəticələcək. Yəni, Rusiya Qərblə özündə olmayan demokratiyanın təsir rıçaqları ilə mübarizə aparır, Qərbi özündə klounadaya çevirdiyi seçkilərlə (referendum da daxil) vurur. Amma burda Qərbin də ciddi səhvi var. Hədəf Rusiyanın az qazanması, iqtisadi böhrana salınması, rublun dəyərsizləməsi idisə, atılan addımlar məntiqsiz oldu, tərsinə işlədi".
Natiq Cəfərli hesab edir ki, Rusiyaya təsir edəcək ən böyük və ən sərt sanksiya neft, qazın qiymətinin kəskin enməsi ola bilərdi: "Neft 40 dollar, qazın 1000 kubmetri 150 dollar olsaydı, Rusiya heç müharibəyə də başlamazdı. Amma qlobal gündəmi tələsik "enerji keçidi" elan edən güclərə ucuz neft, qaz sərf etmir. 40 dollara neft, 150 dollara qaz olsa, heç kim bərpaolunan enerjiyə yatırım qoymaz, bu sərf etməz. Deməli baha enerji daşıyıcıları tək Kremlə sərf etmir".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az