Kreml Stoltenberqin Qafqaz səfərindən narahatlığını və sabitliklə bağlı xəbərdarlığını bildirdi
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında NATO-nun Qafqazdakı varlığını genişləndirmək addımları ilə bağlı Moskvanın narahatlıqlarını dilə gətirib.
Kremlin təmsilçisi NATO-nun baş katibi Yens Stoltenberqin Qafqazın üç respublikasına ardıcıl səfərlərini şərh edərkən deyib: “NATO-nun Qafqazda mövcudluğunu möhkəmləndirmək üçün ümumi səyləri bizə yaxşı məlumdur və necə deyərlər, adi gözlə görünür. Lakin əslində NATO-nun öz təsirini və mövcudluğunu hansısa yolla genişləndirmək cəhdləri çətin ki, Qafqazda sabitliyi və davamlılığı artırsın".
Rusiya liderinin mətbuat katibi "Qafqaz dövlətlərinin bu cür təmaslar üçün suveren hüququ" sahibi olduğunu da qeyd edib. Peskov deyib: “Əlbəttə, biz baş verənləri diqqətlə izləyirik, lakin əsas hədəfimiz ölkəmizin region ölkələri ilə olan əməkdaşlıq vasitələrini və ikitərəfli münasibətlərimizi gücləndirməkdir”.
Xatırladaq ki, NATO-nun baş katibi hazırda İrəvanda rəsmi səfərdədir. Ötən bazar günü o, Azərbaycanda, bazar ertəsi isə Gürcüstanda olub.
Hürr Tərcüman