Kremldə klan savaşı qızışdı
Rusiyanın hakimiyyət elitasında nüfuz və yüksək vəzifələr uğrunda mübarizə yeni mərhələyə keçib. Vladimir Putinin keçmiş mühafizəçilərindən ibarət qruplaşma ilə Kovalçuk qardaşları arasında ciddi qarşıdurmanın yaşandığı iddia olunur.
Hurriyyet.net Rusiya mediasına istinadən xəbər verir ki, qarşıdurmanın mərkəzində Federal Dövlət Əmlakının İdarə Edilməsi Agentliyinin (Rosimuşestvo) rəhbəri Vadim Yakovenko dayanır.
Mənbələrin məlumatına görə, Putinin keçmiş mühafizəçiləri Dmitri Mironov və Aleksey Dyumin Yakovenkonu vəzifəsindən uzaqlaşdırmaq üçün pərdəarxası mübarizəyə başlayıblar.
Onların məqsədi agentliyin rəhbərliyinə Putinin digər keçmiş mühafizəçisi, hazırda qurumun rəhbər müavini olan Dmitri Stepanenkonu gətirməkdir.
İddialara görə, Stepanenko artıq Yakovenko ilə açıq münaqişəyə girib. Yakovenko isə cavab olaraq onu Krasnodar diyarında uğursuzluqla nəticələnəcəyi gözlənilən iri layihəyə məsul təyin edib. Lakin Yakovenkonun da Kremldə güclü himayədarları var. Nəşrin mənbəsi bildirir ki, onu Rusiyanın nüfuzlu Kovalçuk qardaşları – Mixail və Yuri Kovalçuk müdafiə edirlər. Hətta Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikovun da müəyyən mənada Yakovenkonun tərəfində olduğu iddia edilir.
Mənbənin sözlərinə görə, Bortnikov Putinin keçmiş mühafizəçilərinin FSB-nin kadr siyasətinə və səlahiyyət dairəsinə müdaxilə cəhdlərindən narazıdır.
Mənbələr hesab edirlər ki, Kovalçuk qardaşları Yakovenkonun Vladimir Putinlə açıq görüşünü təşkil etməyə nail olublar.
Bu görüşün əsas məqsədinin keçmiş mühafizəçilərdən ibarət qruplaşmanın ambisiyalarını cilovlamaq və Yakovenkonun Kremldə hələ də güclü siyasi dəstəyə malik olduğunu nümayiş etdirmək olduğu bildirilir. Beləliklə, Putinin Yakovenko ilə görüşü Rusiya hakimiyyətinin müxtəlif nüfuz qrupları arasında gedən mübarizənin növbəti epizodu kimi qiymətləndirilir.
Qeyd edək ki, Rusiyadakı hakimiyyət daxilindəki qarşıdurmaya dair iddiaları müstəqil şəkildə təsdiqlənməyib.