Kremldən Paşinyanın rədd cavabı ilə bağlı açıqlama
Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Ermənistanın Rusiyanın yaxın tərəfdaşı olduğunu və Moskvanın İrəvanla çətin məsələlər də daxil olmaqla, dialoqu davam etdirəcəyini söyləyib. Peskovun sözlərinə görə, erməni tərəfinin KTMT təlimlərinin Ermənistan ərazisində keçiriməsi məsələsi də aydınlaşdırılacaq.
Peskov deyib: “Bu, Ermənistanın Baş nazirinin yeni bəyanatıdır. Mənim fikrimcə, həmkarlarımız KTMT xətti ilə əlaqə saxlayacaqlar, Ermənistanın mövqeyinin detalları aydınlaşdırılacaq. İstənilən halda, Ermənistan bizim çox yaxın müttəfiqimizdir. Dialoqa davam edəcəyik, indi çox mürəkkəb olan məsələlər da daxil olmaqla, müzakirələrimiz olacaq”.
Xəbər verildiyi kimi, Nikol Paşinyan bugünkü mətbuat konfransında Ermənistanın 2023-cü ildə ölkə ərazisində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının təlimlərinin keçirilməsini məqsədəuyğun hesab eləmədiyini söyləyib.
2023-cü il 1 yanvar tarixində Rusiya Federasiyasının Müdafiə Nazirliyi bəyan eləmişdi ki, Rusiyanın Quru Qoşunlarının bölmələri yeni ildə Ermənistanda KTMT-nin “Sarsılmaz qardaşlıq-2023” sülhməramlı təlimlərində iştirak edəcəklər.
Hürr Tərcüman