📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kremlin “Yeni Yalta” planına Vaşinqtondan zərbə

2026-11-15 12:32:55

Kremlin “Yeni Yalta” planına Vaşinqtondan zərbə

ABŞ, Rusiya və Çin liderləri ilk dəfə üçtərəfli görüş keçirəcəklər. Kreml bu sammiti dünyanın nüfuz dairələrinə bölündüyü 1945-ci il Yalta konfransının müasir analoquna çevirmək istəyir. Lakin Vaşinqton, Moskva və Pekinin planları bir-birindən ciddi şəkildə fərqlənir.

Hurriyyet.net  xarici mediaya istinadən xəbər verir ki, Donald Tramp, Vladimir Putin və Si Cinpin noyabrın 19-da Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində görüşəcəklər.

Ağ Evin nümayəndəsi Oliviya Ueyls görüşün keçiriləcəyini təsdiqləyib. Bu, üç dövlətin liderləri arasında ilk belə görüş olacaq.

Kreml yeni Yalta arzusundadır

The Wall Street Journal yazır ki, üçtərəfli sammit təşəbbüsünü Putin irəli sürüb. Moskvanın əsas məqsədi Ukrayna müharibəsini Rusiya üçün əlverişli şərtlərlə başa çatdırmaq və Avropada yeni təhlükəsizlik sistemi formalaşdırmaqdır.

Nəşrə danışan Rusiya kəşfiyyatının keçmiş əməkdaşı Putinin daha böyük ambisiyasının olduğunu bildirib: 1945-ci il Yalta konfransının analoqunu keçirmək və dünyanı böyük dövlətlərin nüfuz dairələrinə bölmək.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da sammitdə Ukrayna münaqişəsinin həlli ilə bağlı məsələlərin müzakirəsinin davam etdiriləcəyini açıqlayıb.

Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski isə Avropada Yalta və Potsdam konfranslarının prinsiplərinə bənzər yeni təhlükəsizlik sisteminin yaradılmasını Moskvanın məqsədi kimi təqdim edib.

Tramp Putinin planını qəbul etmir?

Ağ Evin açıqlamasına görə, Trampın əsas gündəliyi dünyada nüvə silahlarının azaldılması və İran müharibəsi olacaq.

ABŞ administrasiyası üçtərəfli görüşdə Ukrayna məsələsinin müzakirəsini planlaşdırmır. Vaşinqton hesab edir ki, Çin Ukrayna üzrə danışıqlar prosesinin iştirakçısı deyil.

Üstəlik, The Washington Post qəzetinin məlumatına görə, Tramp və Putin arasında ayrıca görüş də nəzərdə tutulmayıb.

Amerikalı rəsmilər sammitdən konkret saziş gözləmədiklərini, görüşün yalnız gələcək danışıqların başlanğıcı ola biləcəyini bildirirlər.

Çinin tamam başqa hesabı var

"Los Angeles Times" qəzetinə danışan Çin rəsmilərinin sözlərinə görə, Si Cinpin nə Ukrayna müharibəsini, nə də nüvə silahlarının məhdudlaşdırılmasını müzakirə etməkdə maraqlıdır.

Pekin nüvə arsenalının ABŞ və Rusiyanın imkanlarından xeyli geri qaldığını nəzərə alaraq bu sahədə məhdudiyyətlərə razılaşmaq istəmir.

Çinin əsas məqsədi özünü böyük dövlətlər arasında vasitəçilik edə bilən qlobal güc kimi nümayiş etdirməkdir.

"Los Angeles Times" qeyd edir ki, tərəflərin maraqları arasındakı ziddiyyətlər səbəbindən sammit real razılaşmadan daha çox siyasi tamaşaya çevrilə bilər.

Bununla belə, Tramp, Putin və Si Cinpinin birlikdə çəkdirəcəyi foto 1945-ci ildə İosif Stalin, Franklin Ruzvelt və Uinston Çörçillin Yalta konfransındakı məşhur görüntülərini xatırladacaq.

Lakin əsas fərq ondadır ki, 1945-ci ildə müharibədən sonrakı dünya düzənini müzakirə edən liderlərdən fərqli olaraq, bugünkü üç böyük dövlətin yeni dünya nizamı barədə ortaq mövqeyi yoxdur.